Yanvarın 17-də Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş “24 il əvvəl... 24 il sonra...” adlı tədbir keçirildi. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri muzeyin direktoru Fəridə Şəmsi açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş qanlı faciə haqqında məlumat verdi. Bildirdi ki, həmin vaxt respublikamızın suverenliyinin, ərazi bütövlüyünün müdafiəsinə qalxan xalqımızın mərd övladlarına qarşı sovet rejiminin həyata keçirdiyi qanlı qırğın azadlıq eşqimizi söndürə bilmədi. Haqq-ədalətin bərqərar olmasını istəyən, azadlıq, müstəqillik ideyaları uğrunda mübarizə aparan Azərbaycan xalqı şanlı bir tarix yazdı. Vətən oğulları şəhidlik zirvəsinə ucalmaqla sübut etdilər ki, xalqın iradəsini qırmaq, mənliyini alçaltmaq niyyətlərinə çata bilməyəcəklər.
Bu faciə bəşər tarixində dinc insanlara qarşı törədilmiş ən qanlı hadisələrdən biridir. 20 Yanvar şəhidləri Azərbaycan xalqının qəhrəmanlıq tarixinə öz adlarını qanla yazaraq, gələcək nəsillər üçün bir şərəf örnəyi yadigar qoyublar.
Mərasimdə Milliyyətçi Gənclər Təşkilatının üzvləri “Bütöv Azərbaycan, bayraq müqəddəsliyi” adlı ədəbi-musiqili kompozisiya təqdim etdilər. Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin üzvləri 20 Yanvar haqqında, vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Muzeyin foyesində Tofiq İsmayılov adına Təsviri və Tətbiqi Sənət Salonunun və Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzi şagirdlərinin 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş 50-dən çox rəsm əsəri nümayiş olunurdu. Şagirdlərin əl işləri maraqla qarşılandı. Sərgi yanvarın 23-dək davam edəcək.
Fariz Hüseynov