Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhəri “İslam mədəniyyəti paytaxtı” estafetini qəbul edib
21-23 yanvar tarixində 2013-cü ilin “İslam mədəniyyəti paytaxtı” olan Səudiyyə Ərəbistanın Mədinə şəhərində Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı keçirilib. İSESCO-nun təşkilatçılığı ilə gerçəkləşən konfransda Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Əbülfəs Qarayev Mədəniyyət Nazirlərinin VII İslam Konfransının prezidenti kimi çıxış edərək İSESCO-nun son iki il müddətində fəaliyyətini yüksək qiymətləndirib.
Konfrans çərçivəsində "Mədəni hüquqların sülh və dialoqda rolu" mövzusunda sessiya keçirilib. Sessiyada çıxış edən mədəniyyət və turizm naziri Azərbaycanla İSESCO arasında əməkdaşlığın inkişafından, son iki ildə həyata keçirilən birgə layihələrdən və gələcək perspektivlərdən danışıb. Səfər əsnasında Əbülfəs Qarayev bir sıra görüşlər keçirib.
Konfrans çərçivəsində “Dialoqun və sülhün inkişafı naminə İslam dünyasında mədəni hüquqların inkişafı” mövzusunda Mədəniyyət Nazirlərinin dəyirmi masası keçirilib. Tədbirdə həmçinin “İslam Dünyasının Mədəniyyət Strategiyası”nın üzv ölkələr tərəfindən tətbiq edilməsinə dair ölkə nümayəndələrinin və İSESCO baş direktorunun hesabatı dinlənilib.
Yanvarın 22-də Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilib.
Konfransın sonunda Mədinə şəhəri estafeti 2014-cü ilin “İslam mədəniyyəti paytaxtı” seçilmiş Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhərinə təhvil verib.