Yanvarın 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyatronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Nümayəndə heyəti Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasında iştirak etmək məqsədilə Bakıya gəlib.
Qonaqları salamlayan nazir bildirdi ki, son illər ölkələrimiz arasında mədəniyyət əlaqələri davamlı olaraq inkişaf edir. “İnanıram ki, nümayəndə heyətinin Bakıya səfəri, burada keçirilən görüş və müzakirələr ikitərəfli mədəniyyət və turizm əlaqələrinə, yeni razılaşmaların əldə olunmasına zəmin yaradacaq”, - deyə nazir əlavə etdi.
Qeyd olundu ki, iki ölkənin rəhbərliyi arasında yüksək səviyyəli əlaqələr müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradır. Bu əlaqələrin genişlənməsində Azərbaycanın Budapeştdəki və Macarıstanın Bakıdakı səfirlikləri də öz töhfələrini verirlər. Qonaqlara Azərbaycanda mədəniyyət və turizmin inkişafı, bu sahələrdə həyata keçirilən işlər haqqında məlumat verildi.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın həmsədri Peter Siyatro səmimi qəbula görə nazirə təşəkkürünü bildirərək bundan sonra da ikitərəfli əlaqələrin inkişafı, iki ölkənin mədəniyyətinin qarşılıqlı şəkildə tanıdılması üçün səylərin göstəriləcəyini dedi.
O, həmçinin bildirdi ki, iki ölkənin müvafiq qurumlarının səyi nəticəsində Bakı və Budapeşt arasında birbaşa aviareyslər təşkil edilib. Bu, əlaqələrin inkişafına, o cümlədən turizm sahəsində əməkdaşlığa zəmindir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.
Görüşdə Macarıstan Baş naziri idarəsinin xarici iqtisadi əlaqələr üzrə dövlət katibinin müavini Zuzanna Horvat, Macarıstan kənd təsərrüfatı nazirinin müavini Gyula Budai, Macarıstanın ölkəmizdəki səfiri Jolt Cutora, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, iqtisadiyyat və sənaye nazirinin müavini Məsim Məmmədov və başqa rəsmilər iştirak edirdilər.
Lalə Azəri