Yanvarın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Yevlax şəhər, Göyçay, Daşkəsən, Göygöl, Samux, Ucar, Kürdəmir rayonlarından vətəndaşları qəbul etdi.
Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 30-dan çox vətəndaş qəbula yazılmışdı. Görüşdə müxtəlif məsələlərə dair xahiş və təkliflər səsləndi.
Müraciətlər əsasən yerlərdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, tədris ocaqlarında kadr təminatı, mədəniyyət evlərində ştatların artırılması, mədəniyyət ocaqlarının avadanlıqlarla təmin edilməsi, tarix və mədəniyyət abidələrinin bərpası, muzey ekspozisiyalarının tərtibatı, yerlərdə turizmin inkişafı, mədəniyyət işçilərinə fəxri adların verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı idi.
Vətəndaşları diqqətlə dinləyən Əbülfəs Qarayev onların bu cür əhəmiyyətli mövzulara önəm verməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Qeyd edildi ki, səslənən bütün xahiş, təklif, təşəbbüslər nəzərdən keçiriləcək və reallaşması ilə bağlı lazımi tədbirlər görüləcək.
Qəbuldan sonra jurnalistlərə müsahibə verən nazir ölkə Prezidentinin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu görüşlər ənənə halını alıb, hər görüş bölgələrdə sakinlərin problemləri ilə tanış olmaq və müvafiq tədbirlər görmək imkanı verir.
Ötən ilin aprelindən etibarən müxtəlif bölgələrdə 10-dək görüş keçirildiyini diqqətə çatdıran Əbülfəs Qarayev Göyçay şəhərində gerçəkləşən qəbulda da ölkənin mədəniyyət və turizm sahələri üçün aktual olan bir sıra məsələlərin gündəmə gəldiyini dedi. Qeyd edildi ki, görüşdə mədəniyyət ocaqlarının təmiri və yenidən qurulması, kadrlarla təminat, uşaq musiqi məktəblərinin maddi təchizatı, yeni bina və sinif otaqlarının tikintisi, tarixi abidələrin təmir-bərpası, arxeoloji tədqiqatların aparılması, bölgələrdə turizmin inkişafına dəstək, bu sahədə təşəbbüslərin həyata keçirilməsi kimi məsələlər qaldırılıb.
Nazir bu məsələlərin bir çoxunun mədəniyyət və turizm sahəsində həyata keçirilən proqram və layihələr, regionların inkişafı üzrə dövlət proqramları çərçivəsində tədricən həllini tapdığını, bütün müraciətlərin diqqətə alınacağını, o cümlədən sosial məsələlərlə bağlı xahişlərin lazımi instansiyalara çatdırılacağını bildirdi.
F.Hüseynov