Ölkəmizin dinamik inkişafı mədəniyyət və turizm sahələrində də öz təsdiqini tapır
Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 8 ili tamam oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanına əsasən, mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun qurulması məqsədilə yaradılan nazirlik ötən müddətdə mədəni irsimizin, incəsənətimizin inkişaf etdirilməsi və təbliğinə, ölkəmizin turizm imkanlarının dünyada tanıdılmasına, bu sektorun daha geniş təşəkkül tapmasına töhfə vermişdir.
Ötən müddətdə ölkəmizdə mədəniyyət və turizm sahələrində artım tempini göstərən statistik göstəricilər də buna bariz sübutdur. 2006-2013-cü illərdə respublikamızda muzeylərin sayı 169-dan 217-yə, mehmanxanaların sayı 288-dən 516-ya, turizm şirkətlərinin sayı 245-ə çatmışdır. Bu illərdə dövlət büdcəsindən mədəniyyət və turizm obyektlərinin təmir-tikintisinə ayrılan vəsaitin həcmi 13 dəfə artmışdır. 2006-cı ildə ölkəmizə 1 milyon 194 min nəfər əcnəbi vətəndaş gəlmişdisə, 2013-cü ildə bu göstərici 2 milyon 300 mindən çox olmuşdur. Həmin müddətdə Azərbaycandan xarici ölkələrə səfər edənlərin sayı 1 milyon 835 mindən 3 milyon 950 min nəfərə çatmışdır.
Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində 2013-cü il ölkə həyatının bütün sahələrinin ahəngdar inkişafı ilə müşayiət olunmuşdur. 9 oktyabr prezident seçkiləri Azərbaycan cəmiyyətinin bu inkişaf kursuna, həyata keçirilən siyasətin davam etdirilməsinə dəstək verdiyini bir daha təsdiqləmişdir.
Ötən il ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə, tədbirlərlə, layihələrlə, yubileylərlə yadda qalmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı dövlət başçısının 21 yanvar 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, respublikamızın mədəniyyət müəssisələrində, eyni zamanda, bir çox xarici ölkələrdə yubiley tədbirləri ən yüksək səviyyədə keçirilmişdir. 2013-cü ildə üçüncü dəfə gerçəkləşən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ulu öndərin 90 illiyinə həsr olunmuşdur. Tədbir çərçivəsində ümummilli liderin adını daşıyan mədəniyyət obyektlərindən bəhs edən nəfis tərtibatlı fotoalbomun təqdimatı keçirilmişdir. Azərbaycan Dövlət Filarmoniyasında ulu öndərin 90 illiyi münasibətilə "Dünya klassik musiqi irsi" musiqi layihəsi gerçəkləşmiş, "Heydər Əliyev və mədəniyyətimiz" adlı böyük fotosərgi nümayiş olunmuşdur. Ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsi, respublika incəsənət və musiqi məktəbləri şagirdlərinin "Azərbaycan mədəniyyəti" bilik müsabiqəsi keçirilmişdir.
Ötən il ölkəmiz ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərlə yenə dünyanın diqqət mərkəzində olmuşdur. Bu sırada iki tədbiri xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" devizi altında 29 may - 1 iyun tarixlərində Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişdir. Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində dərin məzmunlu nitqlə çıxış edən Prezident İlham Əliyev Bakı Forumunun əhəmiyyətini vurğulayaraq Azərbaycanın dünyada sivilizasiyalararası dialoq və multikulturalizm mərkəzinə çevrildiyini diqqətə çatdırmışdır. Mötəbər tədbirdə UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, İSESCO və digər nüfuzlu beynəlxalq qurumların rəhbər şəxsləri, 110-dan artıq ölkənin nümayəndələri - 40-dan çox ölkədən nazir və nazir müavinləri, millət vəkilləri, Bolqarıstan, Serbiya və Xorvatiyanın sabiq prezidentləri, İtaliyanın sabiq baş naziri, 70-dən çox QHT, "beyin mərkəzləri"nin təmsilçiləri, məşhur elm xadimləri, ekspertlər - ümumilikdə 600-dək xarici qonaq iştirak etmişdir.
Ötən ilin ən mühüm mədəni hadisələrindən biri də 2-8 dekabr tarixində Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası olmuşdur. Xüsusilə vurğulamaq istərdik ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə qərarın verilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatda yüksək nüfuzunun və çoxşaxəli səmərəli fəaliyyətinin mühüm rolu olmuşdur.
116 ölkədən 611 nəfərin iştirak etdiyi sessiya Hökumətlərarası Komitənin tarixində ən çox iştirakçı sayı olan iclas kimi yadda qalmışdır. Sessiya ölkəmiz üçün də çox əlamətdar olmuş, çövkən - Azərbaycan Respublikasının ənənəvi Qarabağ atüstü oyunu UNESCO-nun "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"na daxil edilmişdir. Qeyri-maddi mədəni irsimizin daha bir nümunəsinin UNESCO siyahısında yer alması bu istiqamətdə həyata keçirilən ardıcıl, məqsədyönlü fəaliyyətin, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. İşğal altında olan Qarabağ torpağının mədəni irs nümunəsinin beynəlxalq qoruma altına alınması eyni zamanda ölkəmizin mühüm diplomatik nailiyyətidir.
Sessiyada UNESCO-nun təcili qorunma siyahısına 12 nominasiya irəli sürülmüş və onlardan 4-ü - Azərbaycan, Qvatemala, Monqolustan və Uqandanın nominasiyaları qəbul edilmişdir. "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı"na salınmaq üçün təqdim edilən 31 nominasiyadan 25-i qəbul olunmuşdur.
2013-cü il Azərbaycan incəsənəti üçün zəngin bir il olmuşdur. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə 9-19 mart tarixində "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Musiqi bayramında Türkiyə, İspaniya, İtaliya, ABŞ, Çin, Hindistan, Misir, Özbəkistan, Tunis, Liviya, İran, İraq və Mərakeşdən ifaçılar çıxış etmişdilər. Festival çərçivəsində ilk dəfə olaraq bölgələrimizdə də konsertlər və ustad dərsləri keçirilmiş, həmçinin üçüncü dəfə "Muğam aləmi" beynəlxalq simpoziumu təşkil edilmişdir.
Ötən il teatrlarımız, musiqi kollektivlərimiz xarici ölkələrdə mədəniyyətimizin təbliğinə töhfələr vermişlər. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı İranda keçirilən "Fəcr" festivalında, Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivi Nyu-Dehli şəhərində (Hindistan), Gənc Tamaşaçılar Teatrı Şri-Lankanın Kolombo şəhərində, Gəncə Dövlət Dram Teatrı Türkiyənin Konya şəhərində keçirilən "Min nəfəs - bir səs", Mingəçevir Dövlət Dram Teatrı Ankarada "Etnos" festivallarında iştirak etmişdir. İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyənin bir neçə şəhərində qastrolda olmuşdur.
Apreldə Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı keçirilmiş, dahi bəstəkarın 95 illiyinə həsr olunmuş festivalda Almaniya, Fransa, Hollandiya və Rusiyadan solist və kollektivləri iştirak etmişdir.
Polşanın Qniezno şəhərində iki ölkə arasında əlaqələrin yaranmasının 540 illiyinə və bərpasının 20 illiyinə həsr edilmiş "Dostluq" abidəsinin açılış mərasimi və Azərbaycan incəsənət ustalarının konserti keçirilmişdir. Fransanın regionlarında Azərbaycanı tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı, bu ölkədəki səfirliyimizin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" mövzusunda tədbirlər silsiləsi (Bordo, Kann və s.) davam etmişdir. Həmçinin Paris və Strasburq şəhərlərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi ilə bağlı konsertlər, Reyms və Muluz şəhərlərində görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə noyabr və dekabrda Almaniyanın Köln və Hamburq şəhərlərində Azərbaycan musiqiçilərinin iştirakı ilə konsertlər də incəsənətimizin təbliğinə töhfə olmuşdur.
Ötən il Azərbaycanda Belarus və Ukrayna mədəniyyəti günləri keçirilmiş, Moldova rəssamlarının respublikamıza yaradıcılıq səfəri təşkil edilmişdir. TÜRKSOY-un 20 illiyi ilə bağlı Azərbaycanda türkdilli ölkələrin fotoqraflarının X görüşü keçirilmişdir.
2013-cü ildə görkəmli sənətkarların yubileyləri - xalq artistləri Hökümə Qurbanovanın, Mirzə Babayevin 100, Tofiq Kazımovun 90, Hacağa Abbasovun 125, Arif Məlikovun 80, Yaşar İmanovun, Musa Mirzəyevin, Gülarə Əliyevanın 80, Xalq artisti Elza İbrahimovanın 75, Əməkdar incəsənət xadimi Fərəc Qarayevin 70 illiyi qeyd olunmuşdur. Azərbaycan aşıq poeziyasının tanınmış nümayəndələri Əkbər Cəfərovun və Məmmədağa Babayevin 80 illik yubileyi keçirilmişdir.
Ölkə başçısının 1 mart 2013-cü il tarixli sərəncamına əsasən, Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə teatr xadimləri fəxri adlara və dövlət təltiflərinə layiq görülmüşlər.
Ənənəvi musiqi bayramları - Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi, V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalları Rusiya, Türkiyə, Böyük Britaniya, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba, Qazaxıstan, Almaniya, ABŞ və Slovakiyadan məşhur ifaçı, dirijor və kollektivləri bir araya gətirmişdir.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən növbəti dəfə təşkil edilən Bakı Caz Festivalında dünya şöhrətli musiqiçilər, habelə Azərbaycanın tanınmış caz ifaçıları və istedadlı gənc musiqiçiləri çıxış etmişlər.
"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən, noyabrın 9-dan 16-dək Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) birgə təşkilatçılığı ilə Bakıda "Cırtdan" II Beynəlxalq Kukla Teatrları Festivalı gerçəkləşmiş, sənət bayramında 9 ölkədən 11 teatr iştirak etmişdir. Noyabr ayında Mədəniyyət və Turizm Nazirliyi, "Kukla" art qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Fusion doll" II Bakı Beynəlxalq Kukla Biennalesinə 13 ölkədən müəlliflərin əl işləri nümayiş etdirilmişdir.
2013-cü il muzey fondlarının komplektləşdirilməsi, ekspozisiyalarının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılmış, respublika muzey işçilərinin geniş müşavirəsi keçirilmişdir. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun birgə layihəsi üzrə inşa edilən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında Avstriya mütəxəssislərinin iştirakı ilə ekspozisiyanın dizayn və bədii tərtibatı yekunlaşmışdır. Ötən il Gürcüstanın paytaxtı Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin açılışı olmuşdur. Tovuz rayonunda Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin yeni binası inşa edilir.
Müasir dövrdə muzeylər mühüm mədəni-maarifləndirici mərkəzlərə çevrilir. Müxtəlif muzeylərdə saxlanılan 450-dən çox eksponat nazirliyin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən bərpa edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı üzrə 2013-cü ildə Xaçmaz şəhəri "Əfsanələr Paytaxtı", Zaqatala şəhəri "Folklor Paytaxtı", Göygöl şəhəri "Sənətkarlıq Paytaxtı" elan olunmuşdur. "Paytaxt" şəhərlərdə nominasiyalara uyğun olaraq mərasimlər, konfranslar, "dəyirmi masa"lar, konsert və festivallar, sərgi və yarmarkalar, infoturlar təşkil edilmişdir.
Masallıda Mədəniyyət və Turizm Nazirliyi və rayon icra hakimiyyəti tərəfindən ikinci dəfə gerçəkləşən beynəlxalq folklor festivalına Dağıstan (Rusiya), Gürcüstan, İran, Qazaxıstan, Latviya, Rusiya və Türkiyədən kollektivlər qatılmışdır. Keçən ilin avqust ayında Qəbələ rayonunda "Mürəbbə festivalı" keçirilmişdir.
Azərbaycanın mədəni irsinin özünəməxsusluğunun qorunub saxlanılması, tarix-mədəniyyət abidələrinin öyrənilməsi və mühafizəsi ilə bağlı müvafiq tədbirlər ötən il də davam etdirilmişdir. "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" hazırlanmış və ölkə Prezidenti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanan dövlət proqramında daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkili, habelə bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlər nəzərdə tutulub.
Dövlət başçısının müvafiq sərəncamına əsasən, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma və abadlaşdırma işləri başa çatdırılmışdır. "Qobustan" Milli Tarix-Bədii Qoruğu may ayında Belçikada keçirilən Avropa muzeylər forumunda "Avropanın ən yaxşı muzeyi" mükafatına layiq görülmüşdür.
Ölkəmizin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunmasının dəstəklənməsi məqsədilə nazirlik tərəfindən "Milli irs mükafatı" təsis olunmuş, 2013-cü il üzrə qaliblər təltif edilmişdir. Keçən il "Şəki xanlarının evi"nin bərpası başa çatdırılmış, Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun Əbu-Müslüm və Xıdır Nəbi məscidlərində bərpa-konservasiya işləri tamamlanmışdır. İl ərzində 100-ə yaxın abidənin pasportu tərtib edilmişdir.
Ötən ilin noyabrında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçirilmişdir. Müsabiqədə 29 ölkə təmsil olunmuşdur.
"Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq istehsalatda olan filmlər üzərində işlər davam etdirilmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Qisas almadan ölmə", "Ehram TV" ("Ağ-qara gecələr"), "Dərvişin qeydləri", həmçinin "Qorxma, mən səninləyəm. 1919" (Azərbaycan-Rusiya) bədii filmləri, "Debüt" studiyasında "Alo, bu mənəm!" qısametrajlı bədii filmi təhvil verilmişdir. "Axınla üzü aşağı", "Nabat" və "Axırıncı dayanacaq" bədii filmlərinin, bir neçə qısametrajlı və sənədli filmin, "Motivlər" kinoalmanaxının istehsalı başlanmışdır. "Salnamə" sənədli filmlər studiyasında "Mən evimə qayıdıram" filmi təhvil verilmək üzrədir.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar "Əbədiyyət yolu" sənədli filmi, "Yaddaş" studiyasında "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən 10 sənədli film, "Qafqaza qayıdış" (Azərbaycan-Fransa), "Sirli bənövşə" ("Məhsəti Gəncəvi") və s. sənədli filmlər təhvil verilmişdir. Fevral ayında Bakının 8 ümumtəhsil məktəbində "Cizgi filmləri həftəsi" keçirilmişdir. 14-25 may tarixində 66-cı Kann kinofestivalında Azərbaycanı təmsil edən xüsusi pavilyon fəaliyyət göstərmişdir. Görkəmli kinorejissorlar Muxtar Dadaşovun 100, Rasim Ocaqovun 80, aktyorlar Əliağa Ağayevin 90, Şahmar Ələkbərovun 70 illiyinə həsr olunmuş xatirə axşamları təşkil olunmuşdur.
2013-cü ilin sentyabr ayında Xalq yazıçısı Elçinin ssenarisi əsasında Azərbaycan və Türkiyənin birgə istehsalı olan "Mahmud və Məryəm" bədii filminin təqdimatı, "Azərbaycanfilm" kinostudiyasının 90 illik yubileyi qeyd olunmuşdur.
Noyabr ayında Nizami Kino Mərkəzində keçirilən I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramında 31 ölkədən 78 film iştirak etmiş, 7 nominasiya üzrə qaliblər mükafatlandırılmışlar.
2013-cü il ərzində nəşriyyat, reklamın təşkili və informasiya sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. "Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)" ikicildliyi, Məhsəti Gəncəvi, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Qara Qarayev, Ənvər Məmmədxanlı, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Tofiq Kazımov, Ramiz Mirişli və digər sənət xadimlərinə, şair, yazıçı və maarifpərvər insanlara həsr olunmuş və onların əsərlərindən ibarət kitablar, "Azərbaycan Dövlət Musiqili Teatrı", "Azərbaycan Dövlət Milli Dram Teatrı", "Gəncə Dram Teatrı" və s. nəşrlər nazirliyin dəstəyi ilə işıq üzü görmüşdür.
Ötən ildə Azərbaycan kitabları nazirliyin iştirakı ilə beynəlxalq sərgilərdə nümayiş olunmuş, Minsk, London, Budapeşt, Kişineu, Moskva, Frankfurt, İstanbul sərgisində nümayiş etdirilən çap məhsullarımız ziyarətçilərin böyük marağına səbəb olmuşdur.
Ötən ilin nəşriyyat işi sahəsində ən əlamətdar hadisəsi, yuxarıda qeyd etdiyimiz kimi, 23-25 sentyabr tarixində keçirilən III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası olmuşdur. Sərgi-yarmarkada respublikamızdan 100-dən çox, habelə xarici ölkələrdən 40-dan çox nəşriyyat və təşkilat iştirak etmişdir. Azərbaycan Milli Kitabxanasının 90 illiyi ilə bağlı tədbirlərin, eləcə də Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV iclaslarının sərgi-yarmarka günlərinə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırmışdır.
2013-cü ildə növbəti "Qızıl Kəlmə" ədəbi mükafatı müsabiqəsinə yekun vurulmuş, 4 nominasiya (nəsr, poeziya, ədəbi tənqid və publisistika, bədii tərcümə) üzrə qaliblər təltif edilmişdir.
Xalq yazıçısı Elçinin 70 illik yubileyi, həmçinin ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq görkəmli ədiblər Ənvər Məmmədxanlının 100, İslam Səfərlinin 90, Nigar Rəfibəylinin 100, Məmməd Arazın 80, dövlət xadimi Kamran Hüseynovun 100 illik yubiley tədbirləri keçirilmişdir. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 85 illiyi Bakıda da qeyd edilmişdir.
"Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası üzrə işlər davam etdirilmişdir. Nazirliyin sifarişi ilə dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsi əsasında yaradılmış Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana sistemi artıq Bakının üç rayonunda - Xətai MKS, Nərimanov MKS və Səbail MKS-də tətbiq olunmağa başlanmışdır.
Mədəniyyət və Turizm Nazirliyi sistemində 242 təhsil müəssisəsi - Azərbaycan Turizm İnstitutu, Mingəçevir Turizm Kolleci, Bakı Turizm Peşə Məktəbi, Bakı Xoreoqrafiya Məktəbi, Ağcabədi şəhər Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, 183 uşaq musiqi, 51 uşaq incəsənət və 2 uşaq rəssamlıq məktəbi, 3 elmi mərkəz - Respublika Mədəniyyət Müəssisələri İşçilərinin İxtisasartırma və Hazırlıq Mərkəzi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi fəaliyyət göstərir. Ötən il Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 35 kateqoriya üzrə 850-dək mədəniyyət işçisi ixtisasartırma kurslarında iştirak etmişdir.
"2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı"nın tədbirlər planına əsasən Bakıda 4 nömrəli, Bərdə şəhər 1 nömrəli, Naxçıvan şəhər S.Rəcəbov adına 3 nömrəli uşaq incəsənət və musiqi məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilmiş, Bakı şəhər F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət, Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbləri binalarının yenidənqurma və əsaslı təmirdən sonra açılışı olmuş, Gədəbəy rayon Slavyanka kənd uşaq musiqi məktəbi təmirdən sonra istifadəyə verilmişdir.
Prezident İlham Əliyevin 14 oktyabr 2013-cü il tarixli sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan daha yeddi gəncin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmış və onlar xüsusi aylıq təqaüdə layiq görülmüşlər. İl ərzində musiqi məktəblərinin şagirdləri müxtəlif ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişlər.
Ötən il ölkədə turizmin inkişafı və respublikanın turizm potensialının təbliği istiqamətində işlər davam etdirilmiş, nazirlik ölkəmizi İspaniyanın paytaxtı Madriddə "FİTUR", Barselona şəhərində "EİBTM-2013", Almaniyanın Frankfurt şəhərində "İMEX-2013", Yaponiyanın Tokio şəhərində "JATA-2013", Parisdə "Top Resa-2013", Londonda "WTM-2013", Polşa paytaxtında "TT Warsaw-2013" və s. beynəlxalq sərgilərdə təmsil etmişdir. 4-6 aprel tarixində Bakıda keçirilən 12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində ("AİTF-2013") 35 ölkə iştirak etdi. Bakıda Dünya Turizm Təşkilatının "İpək Yolu" işçi qrupunun toplantısı, qurumun MDB ölkələrində turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması proqramı çərçivəsində 3-cü seminarı keçirilmişdir.
Ötən ilin yazından "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" ölkə Prezidentinin 20 noyabr 2012-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə elektron viza sisteminin tətbiqinə başlanılmışdır.
Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə keçirilən Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı Baş Assambleyasının 20-ci sessiyasında ölkəmiz Avropa qitəsindən ən çox (25) səslə qurumun İcraiyyə Şurasının üzvü seçilmişdir. Eyni zamanda Azərbaycanın təklifi nəzərə alınaraq DTT-nin Avropa Komissiyasının 2014-cü il iclasının Bakıda keçirilməsinə dair qərar qəbul olunmuşdur.
Ölkəmizdə işgüzar turizmin inkişafı məqsədilə Azərbaycan Konqres Bürosu yaradılmışdır. Ağsu və Şəmkir rayonları üzrə arxeoloji mədəni turizm marşrutu, cənub bölgəsi üzrə "Kulinariya turu", Salyan-Lənkəran-Masallı marşrutu üzrə "Cənub mirvarisi", Qəbələ-Şəki-Qax marşrutu üzrə "Qədim Qafqaz Albaniyasının tarixi izləri" adlı mədəni turizm marşrutlarının yaradılması və pasportlaşdırılması məqsədilə info-turlar təşkil olunmuşdur. İl ərzində 53 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti, 74 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir. Monitorinqlərin nəticəsi olaraq bir neçə turizm şirkəti və mehmanxananın lisenziyasının fəaliyyəti ləğv edilmişdir.
Roma şəhərində birinci İtaliya-Azərbaycan Turizm Forumu keçirilmişdir. İl ərzində İtaliya, Rusiya KİV təmsilçiləri, Rusiya və Ukraynanın turizm şirkətlərinin nümayəndələri ölkəmizə səfər etmişlər. Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxları "CNN", "Euronews", "TV5 Monde", "Rossiya 2" telekanallarında nümayiş etdirilmişdir.
Keçən il ərzində beynəlxalq mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirilmişdir. Ölkəmiz Vyana şəhərində BMT-nin Sivilizasiyalar Alyansının 5-ci Dünya Forumunda, Berlində Dünya Turizm Təşkilatının "İpək Yolu üzrə III illik nazirlər toplantısı"nda, Moskvada Avropa Şurası ölkələri, Tbilisidə Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələri nazirlər konfranslarında və digər beynəlxalq tədbirlərdə təmsil olunmuşdur.
Azərbaycanın tanınmış sufi filosofu Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi UNESCO səviyyəsində qeyd edilmişdir. Nazirlik AMEA ilə birgə 2-3 iyul tarixində Bakıda beynəlxalq elmi konfrans keçirmişdir. Həmçinin UNESCO-nun yubileylər proqramına daxil edilmiş "Arşın mal alan" operettasının 100 illiyi keçən ilin sentyabr ayında Paris və Strasburqda konsert proqramı ilə qeyd edilmişdir.
Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə qurumun Parisdəki Baş qərargahında tədbirlər keçirilmişdir. Tədbirlər çərçivəsində "Azərbaycan Respublikası hökuməti və UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi" imzalanmışdır.
Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və UNESCO-nun baş direktoru İrina Bokovanın iştirakı ilə ölkəmiz tərəfindən təşkilata hədiyyə edilən XII-XIII əsrlərə aid daş at və daş qoç abidələrinin təqdimat mərasimi olmuşdur. Mərasimdə çıxış edən İ.Bokova bu əlamətdar hadisənin əhəmiyyətini qeyd edərək Azərbaycan-UNESCO əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulamışdır. Ötən il nazirliyin müvafiq müraciətinə əsasən UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsi tərəfindən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna və "Qobustan" Milli Tarix-Bədii Qoruğuna "gücləndirilmiş mühafizə statusu" verilmişdir.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin UNESCO-nun yubileylər proqramına salınması üçün müvafiq fayllar təşkilata təqdim edilmişdir. UNESCO-nun 2014-2015-ci illərdə qeyd ediləcək yubileylər siyahısına Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi, orta əsrlərin tanınmış alimi və mütəfəkkiri Əhməd əl-Bərdəyinin vəfatının 1100 illiyi daxil edilmişdir.
2013-cü ildə mədəniyyət və turizm obyektlərinin tikintisi, təmir-bərpası və yenidən qurulması ilə əlaqədar bir sıra işlər həyata keçirilmişdir. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin növbəti mərhələlərinin tikintisi davam etdirilir. Dekabrın 19-da ölkə Prezidentinin iştirakı ilə kompleksdə iki yeni hotelin açılışı olmuşdur.
İl ərzində Azərbaycan Milli İncəsənət Muzeyində keçid korpusunun tikintisi başa çatmış, Prezident İlham Əliyevin iştirakı ilə yeni korpusun açılışı olmuşdur. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində tikinti, Azərbaycan Dövlət Musiqili Teatrı, Şəki Dövlət Dram Teatrı binasında təmir-bərpa və yenidənqurma işləri başa çatmışdır. Tərtər şəhərində Mədəniyyət evinin, Bərdədə, Naxçıvanda, eləcə də paytaxtda bir neçə uşaq musiqi və incəsənət məktəblərinin binaları əsaslı təmir-bərpa olunmuş, yeni binalar inşa edilmişdir. "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda konservasiya işləri yekunlaşmışdır.
Mədəniyyət və turizm sahəsində çalışan işçilərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Ötən il Prezident İlham Əliyev tərəfindən orden, medal və fəxri adlarla təltif olunmuş 70 nəfər mədəniyyət və incəsənət xadiminə layiq görüldükləri fəxri adlar təqdim edilmişdir. Həmçinin mədəniyyət və turizm sahəsində səmərəli xidmətlərinə görə 96 əməkdaş Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi", 9 əməkdaş isə "Fəxri turizm işçisi" döş nişanları ilə təltif edilmişdir.
Ötən il nazirliyin "Elektron Hökumət" Dövlət İnformasiya Sistemi" (EHDİS) portalına qoşulmaq üçün müvafiq işlər aparılmış, nazirliyin e-xidmətlər saytında (www.e-services.mct.gov.az) müxtəlif interaktiv xidmətlər göstərilmişdir. Hazırda turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu yalnız e-xidmətlər vasitəsilə həyata keçirilir.
Turizm üzrə informasiya naviqasiya sisteminin təkmilləşdirilməsi işləri davam etdirilmişdir. Gomap.az portalına gündə 5000-dən çox istifadəçi daxil olur.
Regionlarda mədəniyyət və turizm sahəsində mövcud problemlər hər zaman diqqət mərkəzindədir. Martın 15-də Bakıda keçirilən "Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları" mövzusunda ümumrespublika müşavirəsində Mədəniyyət və Turizm Nazirliyinin yerli orqanlarının işinin təkmilləşdirilməsi müzakirə edilmişdir. Regionlarda mütəmadi olaraq sənət xadimlərinin iştirakı ilə görüşlər, müxtəlif tədbirlər təşkil olunur.
"Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" layihəsi ilə əlaqədar həyata keçirilən islahatlar Şəki şəhər və Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, Qazax, Qəbələ, Masallı və Şamaxı rayonlarının klub müəssisələrinin fəaliyyətinə müsbət təsir göstərmişdir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2013-cü ildə vətəndaşlarla doqquz bölgədə görüşlərimiz olmuşdur. Görüşlərdə 300-dən çox vətəndaşın müraciəti dinlənilmiş, qaldırılan məsələlərin həlli barədə müvafiq tapşırıqlar verilmiş, bir sıra məsələlər operativ həllini tapmışdır.
Bütövlükdə 2013-cü ildə respublikamızın hərtərəfli inkişafı, regional və beynəlxalq nüfuzunun artması həyata keçirilən mədəniyyət layihələrində, incəsənət tədbirlərində, turizm proqramlarında da özünü göstərmişdir. Qarşıda bizi yeni layihələr, daha böyük və məsul işlər gözləyir. Mədəniyyət və Turizm Nazirliyi ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətə uyğun olaraq bundan sonra da respublikamızda mədəniyyət və turizm sahələrinin inkişafı, dünyanın mədəniyyət və turizm məkanına uğurla inteqrasiyası, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
“Azərbaycan" qəzeti,
24 yanvar 2014-cü il