Mədəniyyət və turizm naziri Göyçayda vətəndaşları qəbul etdi
Xəbər verdiyimiz ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 28-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Yevlax şəhər, Göyçay, Daşkəsən, Göygöl, Samux, Ucar, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.
Qeyd edək ki, 30-dan çox vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı.
Müraciətlər, təkliflər
Vətəndaşların müraciətləri əsasən yerlərdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, tədris ocaqlarında kadr təminatı, mədəniyyət evlərində ştatların artırılması, mədəniyyət ocaqlarının avadanlıqlarla təmin edilməsi, tarix və mədəniyyət abidələrinin bərpası, muzey ekspozisiyalarının tərtibatı, yerlərdə turizmin inkişafı, mədəniyyət işçilərinə fəxri adların verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı idi.
Qəbulda iştirak edən bir neçə vətəndaşla həmsöhbət olduq. Göygöl sakini Lamiyə Məmmədova rayonda yerləşən Sarıqaya türbəsinin təmiri ilə bağlı müraciət edəcəyini dedi: “Sarıqaya türbəsi XII əsrə aiddir. Bu qədim abidənin bərpa edilməsi çox vacibdir. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir çox tarixi abidələrin bərpası həyata keçirilir. Biz də istərdik ki, qədim tariximizin yadigarı olan Sarıqaya türbəsi də təmir olunsun və Göygölə gələn turistlərin baş çəkəcəyi məkanlardan birinə çevrilsin”.
“Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Əzizağa Atakişiyev “Nar gənclik meyvəsi kimi” adlı beynəlxalq layihə hazırladıqlarını bildirdi: “May ayında bu layihəni həyata keçirməyi planlaşdırmışıq. Bu məqsədlə xaricdən qonaqlar da dəvət etmişik. Həm bu layihəyə, həm də çap etdirdiyimiz “Nar nağılı” adlı kitabın ingilis dilində nəşrinə dəstək verilməsi üçün cənab nazirə müraciət edəcəyəm”.
Ucardan gəlmiş Pünhan Həsənquliyev isə rayon Mədəniyyət evinin dram kollektivinin fəaliyyətinə yardım edilməsi məqsədilə qəbula gəldiyini deyir: “Kollektivimiz gənclərin II Respublika teatr festivalında qalib olub. Daha səmərəli fəaliyyət göstərməyimiz üçün səhnə geyimləri, qrim, digər səhnə ləvazimatı ilə təminata ehtiyacımız var”.
“Mədəniyyət ocaqlarının fəaliyyəti təkmilləşdirilməlidir”
Nazir qəbula gələn vətəndaşların xahiş və təkliflərini diqqətlə dinlədi, yerlərdə əhalinin bölgə üçün əhəmiyyətli mövzulara laqeyd qalmamağını müsbət hal kimi qiymətləndirdi, qaldırılan bütün məsələlərlə bağlı nazirliyin məsul işçilərinə tapşırıqlar verdi.
* * *
Qəbuldan sonra jurnalistlərə müsahibə verən Əbülfəs Qarayev bütün müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini, lazımi tədbirlər görüləcəyini bildirdi. Qeyd olundu ki, yerlərdən gələn təşəbbüslər, təkliflər ümumi işin təkmilləşdirilməsinə və səmərəli olmasına kömək edir: “Qəbula gələnlər mədəniyyət və turizmin inkişafı ilə bağlı bir sıra məsələləri qaldırırlar. Sevindirici haldır ki, vətəndaşları mədəni irsimiz, tarixi abidələrimizin qorunması kimi mühüm məsələlər də maraqlandırır. Bu barədə təkliflərini verirlər. Bildiyiniz kimi, ötən ilin sonunda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrin qorunması, bərpası ilə bağlı növbəti Dövlət Proqramı imzalanıb. Bu proqramın həyata keçirilməsi nəticəsində bir çox tarixi abidələr bərpa olunacaq”.
Nazir bildirdi ki, narahatedici məsələlərdən biri də bölgələrdə peşəkar mədəniyyət işçilərinin çatışmamağıdır: “Bu məqsədlə Təhsil Nazirliyi ilə birlikdə növbəti illərdə mədəniyyət müəssisələri üçün kadr hazırlığı planı üzərində işləyəcəyik. Eyni zamanda özfəaliyyət kollektivlərinin saxlanılması, onların maddi-texniki bazasının gücləndirilməsi, yeni müasir mədəniyyət mərkəzlərinin inşası və ya bərpası məsələləri də diqqətdə saxlanılacaq”.
Edilən müraciətlərin, verilən təkliflərin daha çox ictimai əhəmiyyət kəsb etdiyini deyən nazir qeyd etdi ki, keçirilən ilk qəbullar zamanı insanlar daha çox şəxsi məsələləri önə çəkirdilər. Artıq xahişlər, təkliflər əsasən yerlərdə mədəniyyət və turizmin, bütövlükdə regionun inkişafı ilə bağlı olur.
Nazir vurğuladı ki, ölkə Prezidentinin tapşırığına əsasən mütəmadi olaraq keçirilən bu görüşlər bölgələrdə sakinlərin problemləri ilə yerində tanış olmaq və müvafiq tədbirlər görmək imkanı verir: “Mədəniyyət ocaqlarının fəaliyyətinin müasirləşdirilməsinə ehtiyac var. Bu istiqamətdə işə başlamışıq. Kitabların elektron daşıyıcılara köçürülməsi və internet portallarının açılması davam etdirilir. Qəbula gələn insanlar tərəfindən audio və video materiallardan dərs prosesində geniş istifadə olunması təkliflərinin səsləndirilməsi bizi çox sevindirir. Bu da müasirləşmə prosesinin artıq real olaraq bölgələrdə də sürətləndiyini göstərir”.
Nazir ölkədə mədəniyyət və turizm sahəsində dövlət proqramlarının uğurla icra olunduğunu və əhali tərəfindən qaldırılan bütün məsələlərin tədricən həllini tapdığını bildirdi. Vətəndaşların sosial məsələlərlə bağlı müraciətlərinin də lazımi instansiyalara çatdırılacağını və həllinə köməklik göstəriləcəyini qeyd etdi.
Fariz Hüseynov