(kulturoloji esse)
   
   Bu dünyaya elə sənətkarlar gəlib, yaşayıb-yaradıb, bəşəriyyətin ədəbi-mədəni, ictimai-fəlsəfi düşüncəsində pozulmaz iz buraxıblar ki, onların mənəvi-ruhi, poetik-kulturoloji təsiri əbədi enerjiyə çevrilib. Zərdüşt, Musa, İsa, Budda, Konfutsi, Homer, Sokrat, Məhəmməd peyğəmbər, Firdovsi, Nizami, Şekspir, Füzulu, Dante, Servantes, Höte, Axundov, Cavid... daha neçə-neçə dühaların ədəbi-fəlsəfi nəfəsi insanlıq durduqca, qəlbləri isidəcək.
   Belə böyük sənətkarlardan biri də XX əsr dünya ədəbiyyatının ustad sənətkarı, zəngin yaradıcılığıyla özündən əvvəl gələnlərlə, zamandaşlarını və gələcək nəsillərin ruhunu birləşdirməyə qadir olmuş sirli-sehrli Xorxe Luis Borxesdir. Kimsə ona şair deyir, kimsə esseist, biblioqraf, mifoloq, nasir, kitabxanaçı, kulturoloq, filoloq, filosof, tənqidçi, ədəbiyyatşünas, naşir, antologiya tərtibçisi, yeni ədəbi janr və istiqamətlərin banisi...
   Mənsə, ancaq onu bilirəm ki, tanıyandan sonra Borxesi bir neçə dəfə itirdim; onun kiçik bir hekayəsini üç dəfə tərcümə etdim: ilk dəfə birbaşa kompyuter disketinə yazdığım mətn pozuldu, başqa vaxt kompyuterin yaddaşına virus düşdü, sonunucu kərə isə, sadəcə, özüm həvəsdən düşdüm.
   O zaman Tanrıya çox yalvardım ki, Borxesi yenidən mənə qaytarsın.
   Dünyanın qaranlıqlarını, şərini görməməsi üçün Yaradan Borxesi dünya işığından məhrum etmişdi. İndi isə onu başqa bir bəndəsinə mənə «qısqanırdı». Ancaq yaratdığını sevən Yaradan havaxtsa Borxesi mənə qaytarmalı idi və elə də oldu...
   Adəmdən indiyənə bu ağlı-qaralı dünyamıza təşrif buyurmuş milyardlarla insandan biri kimi 24 avqust 1899-cu ildə Buenos-Ayresdə doğulmuş (bəlkə də o dünya üçün ölmüş) Xorxe Luis Borxes 14 iyun 1986-cı ildə bu dünyadan köçəndə (həm də o dünya üçün təzədən doğulanda) bilsəydi ki, minilliyin sonunda onun haqqında Azərbaycanda da danışmağa başlayacaqlar, (bəli, məhz danışmağa: həqiqi yazıçılar haqqında yazmaq onları anlamaq qə­dər çətin bir iş olduğundan, o yükün altına girməyə heç vaxt ürək eləmirəm), inanın, bəlkə də ölməzdi (məgər o, ölüb?)...
   Sirli-sehrli Borxes həm də çox soyuq (bəlkə də İlahi) bir yazar, mütəfəkkir və kulturoloqdur. Onun əsərlərini oxuyanda, adamı soyuq (ilahi) tər basır. Lakin sonra hiss edirsən ki, bu soyuqluq, əslində, sənin qəlbinə od salıb: ardınca isə şiddətlənən sənət atəşində, heç özün də hiss etmədən, alışıbyanmağa başlamısan...
   Tarixin dövran səhnəsində yenicə getmiş XX əsrdə bəşər mədəniyyətinə - ümumdünya ədəbiyyatına Borxes qədər kulturoloji (terminin geniş mənasında) təsir edən ikinci bir sənətkar tapmaq bir az çətindir.
   Borxesin yaradıcılığı kimi, şəxsiyyəti və dünyagörüşü də az qala mifə çevrilib. Elə belə də olmalıydı: axı bu adam bütün yaradıcılığını və özünüdərkdən sonrakı olan-qalan ömrünü mifologiyaya, mifləri öyrənməyə, daha sonra isə sənət mifləri yaratmağa sərf edib. O mənada həm Borxes, həm də onun bir çox ədəbi surətləri - hekayə qəhrəmanları dünya mədəniyyətində elə bir iz qoydu ki, bu “çapıqlarsız” çağdaş kulturoloji durum belə inkişaf etməzdi, bəlkə də yerində çabalayardı...
   Dünya ədəbiyyatında kor kitabxanaçı (Argentinanın Milli Kitabxanasının direktoru təyin ediləndə Borxesin gözləri tutulmuşdu) surətlərinin sayı-hesabı yoxdur - Umberto Ekonun “Qızılgülün adı” romanındakı baş (mənfi) qəhrəmanı - Xorxeri xatırlayaq. Lakin həyatı ilə obrazları arasında bu qədər yaxınlığı heç bir yazarın yaradıcılığında müşahidə etmək mümkün deyil.
   Borxesin qəhrəmanları - müxtəlif obrazlar öz şəxsi iradəsini göstərmək üçün dirilirlər (“Telyon, Ukbar, Obris Tertius” - “Üçüncü Dünya”), ya da qəhrəmanlarının özləri kimlər tərəfindənsə yazılmış ədəbi surətlər olurlar (“Alovun dairəsi”).
   Xəfiyyəni hansısa tələyə salmaq üçün caniyə kompyuter proqramına - İnternet şəbəkəsinə oxşar düşünülmüş məntiqli konstruksiya - sənət labirinti yaratmaq lazım gəlir (“Babil Kitabxanası”)...
   İlk baxışdan Borxesin yaratdığı əsərlərin mövzusunu bir cümləylə ifadə etmək mümkündür, çünki özü kimi, yazdıqları da qur­uluşca sadə, mənaca mürəkkəb, sonluğuna görə gözlənilməzdir.
   Əslində, onun həyatı ilə yaradıcılığı bir-birinə elə qarışıb ki, əsərlərini oxuyanda düşünürsən: «Borxes, bəlkə də bizim özümüz - hamımız deməkdir...»
   Ustadın ruhu inciməsəydi, həm də belə demək mümkündür: Bəlkə də o, heç kimdir - sadəcə, İlahi sənətkardır, içimizdə hər gün qətlə yetirdiyimiz ruhumuz, düşüncəmizdə zorladığımız intellektimizdir...
   ...Ustad Borxes bu dünyada olmasa da, əsərləri bizimlədir, yaxud bizdədir: əslində, sevimli-sehrli yazar və onun bizə hələ də yaxşı tanış olmayan yaradıcılığı həm mənim, həm də hamımızın ruhuna qovuşub, özü də lap çoxdan - dünya yaranandan...
   
   
   
   Xorxe Luis Borxes
   
   Disk    

   hekayə
   
   Mən meşəqıranam. Adımı bilməsəniz də olar. İçində dünyaya göz açdığım və yəqin ki, elə ordan da həyatdan uzaqlaşacağım taxta daxmam meşənin lap qırağında yerləşir.
   Söyləyirlər ki, bu meşə dünyanı əhatə edən və mənimkinə oxşar taxta komaların qarşısını kəsən dənizə qədər uzanır. Fəqət mən heç vaxt o dənizi görməmişəm, onun barəsində də aydın təsəvvürüm yoxdur. Mən heç meşənin əks tərəfini də görməmişəm.
   Biz uşaq olanda böyük qardaşım məni and içməyə məcbur etdi ki, bu meşəni son ağacına qədər birlikdə qıracağıq. Qardaşım həyatla vidalaşdı, indi mən bu işi başa çatdırmaqdan ötrü bir adam axtarıram və güman ki, hələ çox axtaracağam.
   Qərb tərəfdə kiçik bir çay axır və mən yalın əllə onun suyunda balıq tutmağı bacarıram. Meşədə həm də acgöz qurdlar fırlanır, lakin canavarlar məni qorxuda bilməzlər: baltam, bircə dəfə də olsa, yiyəsini darda qoymayıb.
   Yaşadığım illəri saymamışam. Bilirəm ki, onlar lap çoxdan üst-üstə qalanır. Gözlərimin nuru get-gedə azalır. Yolu azmamaq üçün indi daha ayaq basmadığım kənddə məni, nəyə görəsə, xəsis hesab edirlər.
   Lakin indi adi bir ağackəsən nəyə simiclik edə bilər ki?
   Çöldəki qardan qorunmaq üçün, daşlardan dayaq vurmaqla, daxmamın sınıq-salxaq qapısını möhkəm sıxmışam.
   Bu olay, çoxdan baş verib, bir axşam ağır addım səslərini, ardınca da qapının döyüldüyünü eşitdim. Qapını araladım və tanıdığım adam içəri soxuldu. Yırtılmış plaşa bürünmüş yaşlı və ucaboylu bir kişi idi. Yanağındakı iri bir çapıq sifətini iki yerə bölmüşdü.
   Görünür, illər qəddini sındıra bilməmiş, əksinə, xasiyyətinə hökmranlıq əlavə etmişdi, lakin hər halda mən hiss etdim ki, o, əsasız yeriyə bilmir.
   İndi xatırlamadığım sözlərlə salamlaşdıq.
   Sonra o, dedi:
   - Mənim doğma, isti ocağım yoxdur və harada gəldi, elə oradaca gecələyirəm. Eninə və uzununa keçməklə mən saksların bütün torpaqlarını ələk-vələk etmişəm. - Bu sözlər onun yaşı haqqında çox şeyi anladırdı. - İndi adamların İngiltərə adlandırdığı o torpaqlara mənim atam həmişə Saksoniya deyirdi.
   Biz süfrədəki balıq və çörəyi yarıbayarı bölüşdük. Yemək vaxtı heç birimiz danışmadıq. Çöldən yağmağa başlayan yağışın səsi gəlirdi. Vaxtilə ölmüş qardaşımın meyitini uzatdığım torpaq döşəmədə onun üçün dəridən yataq yeri düzəltdim.
   Sübh tezdən biz mənim komamdan çıxanda artıq dan yeri sökülmüşdü. Göy üzü açılmış və yer təptəzə qarla örtülmüşdü.
   Qəfildən yol yoldaşım əsasını əlindən saldı və gözləmədiyim halda qəfildən mənə əmr etdi ki, onu yerdən qaldırım.
   - Mən sənə nə üçün tabe olmalıyam ki? - özümdən asılı olmayaraq qeyzləndim.
   - Ona görə ki, mən hökmdaram, - öz növbəsində o da boynuma minnət qoydu.
   Öz-özümə düşündüm ki, yəqin dəli olub. Əsanı yerdən qaldırıb ona uzatdım. O, səsini qaldırararq danışmağa başladı.
   - Mən Sekgenlərin kralıyam, - təkrar etdi, - Dəfələrlə ağır vuruşlarda döyüşçülərimə qələbə sevinci bəxş etmişəm: fəqət, lazımi anda öz hökmranlığımı itirmişəm. Adım İzerndir. Əslən isə Odindənəm.
   - Mən Odinə tabe deyiləm, - dilləndim. - İsa Məsihə ehtiram göstərirəm.
   O isə danışmağında idi, sanki məni eşitmirdi.
   - Sürgün cığırlarında sürünsəm də, əsl hökmdaram: çünki məndə disk var. Göstərimmi onu sənə?
   Az qala sümükləri çıxmış sağ əlini açdı, ovucunun içini göstərdi. Məhz bu zaman xatırladım ki, gördüyüm andan onun əli yumruqlanmış vəziyyətdə bükülmüşdü.
   Sərt baxışlarını gözlərimə zilləyərək məni başdan-ayağa süzdü:
   - Sən toxuna bilərsən.
   Mən ehtiyatlana-ehtiyatlana, barmaqlarımın ucu ilə onun ovcunun içinə toxundum. Canımdan soyuq bir üşütmə keçdi və onun ovcu içindəki parıltını gördüm.
   Yad adamın əli həmin dəqiqə büküldü. O, hövsələsiz halda izahlarına davam etdi, sanki uşağı anlatmağa çalışırdı.
   - Bu, Odinin diskidir, - bildirdi. - Onun yalnız bir tərəfi var. Dünyada bundan başqa elə bir şey yoxdur ki, ancaq bir tərəfi olsun. Nə qədər ki, bu disk məndədir, əsl hökmdar da özüməm.
   - O, qızıldandır? - tez maraqlandım.
   - Bilmirəm. Bu, Odinin diskidir. Onun yalnız bir tərəfi var.
   İçimdə diski əldə etmək arzusu doğdu. Əgər disk məndə olsaydı, onu qızıl külçələrə dəyişər və hökmdara çevrilərəm. İndiyə qədər də nifrət etdiyim səfilə dedim:
   - Daxmamda sikkələrlə dolu sandıq gizlətmişəm. Sikkələr qızıldandır və onlar baltanın ağzı kimi parıldayır. Əgər Odinin diskini mənə bağışlasan, sandığın içindəkiləri sənə verərəm.
   - İstəmirəm. - deyə o, inadkarlıq etdi.
   - Onda, - hirsləndim, - gəldiyin yerə də sürüş.
   O, arxasını mənə çevirdi. Bir zərbə bəs edərdi ki, onu yerə sərəsən: o, yerə yıxılanda ovcu açıldı və mən havada parıldayan haləni gördüm.
   Balta ilə qaldığımız yeri nişanlayıb meyiti bir qədər yuxarıda axan çaya tərəf dartdım və elə oradaca onu suya atdım. ...Daxmaya aparan yolda itirdiyim diski çox, lap çox axtardım. Lakin mən onu tapa bilmədim.
   O hadisə çox-çox bundan öncə baş verib, lakin mən elə hey axtarmağımdayam...
   
   Təqdim etdi: Aydın Xan (Əbilov)