Görkəmli türkmən şair-mütəfəkkirin yubileyi Azərbaycanda da qeyd olunacaq

Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY görkəmli türkmən şairi və mütəfəkkirinin anadan olmasının 290 illiyi münasibətilə 2014-cü ili “Məhdumqulu Fəraqi ili” elan edib. Fevralın 5-də Ankara Dövlət Rəsm və Heykəl Muzeyində “Məhdumqulu Fəraqi ili”nin açılış mərasimi keçirilib.

Tədbirdə Türkmənistanın mədəniyyət naziri Qunça Mamedovanın rəhbərliyi ilə xalq sənətkarları, şairlər, ədəbiyyatşünaslar və media nümayəndələrindən ibarət heyət iştirak edib. İştirakçılar əvvəlcə Ankaradakı Türkmənistan parkında Məhdumqulu Fəraqinin heykəli önünə əklil qoyublar.
“Məhdumqulu Fəraqi ili”nin açılış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın Türkmənistanla sıx əməkdaşlığından söz açıb. Ortaq türk mədəniyyətinin daha çox tanınması, gənc nəsillərin bu mövzuda daha çox maarifləndirilməsi üçün birgə layihələr gerçəkləşdirildiyini diqqətə çatdırıb.
Türkmənistanın mədəniyyət naziri Qunça Mamedova 2014-cü ilin görkəmli şair-mütəfəkkirin şərəfinə “Məhdumqulu Fəraqi ili” olaraq qəbul edilməsinə görə təşkilata minnətdarlığını bildirib.
Sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov nazir Qunça Mamedovaya, Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktoru Annaqurban Aşırova, “Ədəbiyyat və Sungat” qəzetinin bölmə rəhbəri Amangözel Şakuliyevaya, “Karakum” jurnalının baş redaktoru, Türkmənistanın Xalq yazıçısı Orazqulu Annayevə və Türkmənistanın Ankaradakı səfiri Ata Sərdarova “Məhdumqulu Fəraqi ili” üçün hazırlanan medalları təqdim edib.
Daha sonra türkmən sənətçilərin ifasında musiqilər, aşıq mahnıları, folklor nümunələri təqdim edilib. Türkmənistanlı alimlər Məhdumqulu yaradıcılığının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış ediblər, mütəfəkkir şairin şeirləri səsləndirilib.
Qeyd edək ki, “Məhdumqulu Fəraqi ili” çərçivəsində türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda tədbirlər keçiriləcək. İlin yekun tədbiri isə dekabrda Aşqabadda təşkil olunacaq.

Mehparə