Ankarada Xocalı soyqırımı abidəsinin açılışı olub

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində fevralın 26-da Ankaranın Keçiören rayonundakı Xocalı soyqırımı meydanında ucaldılmış abidənin açılışı olub. Xocalı soyqırımı abidəsi Keçiören bələdiyyəsi ilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılıb.
Açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Qənirə Paşayeva, Arif Rəhimzadə, Rüstəm Xəlilov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini Yasin Aktay, partiyanın icraçı katibi Haluk İpek, türkiyəli millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra iki ölkənin himnləri səsləndirilib. İslam Konfransı Gənclər Forumunun (İKGF) beynəlxalq katibliyinin rəhbəri Elməddin Mehdiyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın mərasim iştirakçılarına ünvanladığı məktubu oxuyub.
Tədbirdə Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, TBMM-nin sədri Cəmil Çiçək, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, səfir Faiq Bağırov və digər çıxış edənlər Xocalı soyqırımının dəhşətlərindən, Qərb dünyasının bu vəhşiliklərlə bağlı ikili mövqeyindən və Ermənistanın destruktiv siyasətdən əl çəkməsi üçün qətiyyətli addımların atılmasının vacibliyindən söz açıblar. Qardaş ölkələrimizin əlaqələrinin yüksək səviyyəsini məmnunluqla vurğulayan Cəmil Çiçək Azərbaycanın faciəsinin Türkiyənin də ağrı-acısı olduğunu deyib. Çıxışlardan sonra abidənin açılışı olub, önünə qərənfillər düzülüb. Xocalı soyqırımı abidəsinin müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyevdir.