İçərişəhərdə və Dənizkənarı Milli Parkda bayram şənliyi

Zəngin folklor tariximizi, mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı, hər il olduğu kimi, bu il də ölkəmizdə geniş qeyd olunur. Novruz yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Bu bayram qədim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, həmrəy edir.

Ənənəvi olaraq bu il də paytaxtda Novruzla bağlı ümumxalq şənliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindən başlayaraq Dənizkənarı Milli Park boyunca geniş təmtəraqla qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Novruz mərasiminə bölgələrimiz də öz bayram sovqatları, mədəni irsi, bar-bərəkəti, mətbəxi ilə qatılıb.
Qız qalası yanından başlanacaq mərasimin proqramı maraqlı görüntülərlə zəngindir. Bayrama hazırlığın gedişini biz də izlədik.
Qala ətrafında əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. Ölkəmizin müxtəlif təşkilatları - teatrlar, musiqi kollektivləri, tanınmış incəsənət ustaları, folklor qrupları, aşıqlar şənliyə öz töhfələri ilə gəlmişdilər. Qız qalasını orta əsr cəngavərlərinin geyimində əsgərlər sanki mühasirəyə almışdılar.
Dədə Qorqudun gur səsi insanların bayram əhvalını bir qədər də yüksəltdi: “Bahar bayramı xalqımız üçün xeyirli, uğurlu olsun. Evlərinizdən işıq, süfrələrinizdən bərəkət əskik olmasın. Dağlarımız ucalığını, bağlarımız barını itirməsin. Dəryalarımız dolu, çaylarımız axar olsun. Dənizimiz dalğalansın, nəslimiz, soyumuz artsın, çoxalsın. Ocağımızın közü, ana dilimizin sözü əbədi olsun. Tanrı sizləri qorusun, Tanrı millətimizi, dövlətimizi qorusun. Bayramımız mübarək olsun!”

Milli musiqimizin ecazkar sədaları altında Qız qalasının önündə böyük tonqal alovlandırıldı.
Daha sonra bayram şənliyi Milli Parkın ərazisinə keçdi. Novruz personajları Kosa və Keçəlin çıxışını izləmək üçün ətrafa xeyli insan toplaşmışdı. Kosa və Keçəl Novruz bayramına aid oyunları nümayiş etdirdilər. Öz məharətlərini nümayiş etdirmək üçün müxtəlif rayonlarımızdan təşrif buyurmuş aşıqlar qonaqları qarşıladılar. Azərbaycan musiqisinin şah damarı olan muğam tədbirə rəng qatdı. Muğam ifaçıları gözəl səsləri ilə ətrafdakıların ruhuna rahatlıq, xoş əhval bəxş etdilər. Daha sonra folklorumuzun, milli musiqimizin, meyxana sənətimizin nümayəndələrinin çıxışları oldu.
Milli Park ərazisində Novruz atributları, stendlər, idmançılar üçün meydanlar hazırlanıb. Bayram tədbirlərinin keçirilməsi üçün Dövlət Kukla Teatrının arxasındakı meydanda böyük səhnə quraşdırılıb.
Qız qalasından bulvardakı “Saat qülləsi”nə qədər olan ərazidə rayon və şəhərlərimizi təmsil edən stendlər yer alıb. Hər bir rayona xas olan şirniyyat növləri, mətbəx və mədəni irs, folklor nümunələri nümayiş olunur.
Qeyd edək ki, Azərbaycanın bütün bölgələri öz Novruz ənənələri ilə Milli Parkın ərazisində qurulmuş xüsusi stendlərdə təmsil olunur. Şəki, İsmayıllı, Gəncə, Tovuz, Naxçıvan, Quba, Şamaxı, Qəbələ, Ağdam, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı, Oğuz və başqa rayonlardan gələn nümayəndələr Novruz ənənələrindən danışır, sənətkarlıq nümunələrini təqdim edirdilər.

Şəki şəhərinə aid lövhədə məşhur Xan sarayı, karvansaralar, hamamlar haqqında məlumatlarla yanaşı, yerli sənətkarların əl işləri, Şəki halvası, müxtəlif şirniyyatlar, yemək növləri də nümayiş olunur.
Lerik, Masallı və Lənkəran rayonlarına aid stendlərdə isə ölkəmizin cənub zonasına məxsus mətbəx nümunələri təqdim edilir. Folklor ansamblının çıxışları şənliyi daha da rəngləndirəcək.
Novruz ərəfəsində Dənizkənarı Milli Parkda da bayram abadlığı nəzərə çarpır. Yeni gül-çiçəklər əkilir, çəmənliklər təzələnir, dekorativ ağaclar “qış köynəyi”ndən çıxır.
Bahar bayramının əsas mahiyyəti mərasimlər vasitəsilə təbiətə təsir etmək, onu yumşaltmaq, mülayimləşdirmək, qışı, qara günü, çətinliyi, çilləni, ağrı-acını geridə buraxıb, yeni, bar-bəhər verəcək həyata başlamaqdır. Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Bu bayram həm də firavanlığın başlanğıcı, ruh yüksəkliyi, torpağa, insana məhəbbət bayramıdır.
Bayramda yandırılan tonqallar qaranlığı yox edir. İnsanlar qışı qovub uzaqlaşdırır, səməni yaşıllığı, qırmızı boyanmış yumurta günəşi səsləyir. Biz də xalqımızın Bahar bayramını təbrik edir, ruzili, bərəkətli, sevincli, günəşli günlər arzulayırıq.

F.Hüseynov