Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Folklorumuzun zəngin inikası, xalqımızın bədii təfəkkürü bu bayramın kütləvi şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, mənəvi dünyamızın aynasına çevrilir. Azərbaycan xalqının milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bayram təsəvvür etmək çətindir.
Bu, təbiətin oyanışı, dünyanın yenilənməsi, ruzi və bərəkət bayramıdır. Hər kəsin əhval-ruhiyyəsində bir dəyişiklik hiss olunur. Bu həm də insanları birləşdirən, həmrəy edən bayramdır. Novruzda küsülülər barışır, dostluqlar da sıxlaşır, ünsiyyət bağları daha da möhkəmlənir. Bu baxımdan Novruz dünya miqyasında geniş tanıdılması gərəkən, universal bəşəri dəyərləri özündə əks etdirən və yaşadan bayramdır.
Təsadüfi deyil ki, Azərbaycan xalqı ilə yanaşı, Yaxın Şərq və Orta Asiyadan Balkanlaradək bir çox xalqların zəngin folklor ənənələrini birləşdirən Novruz 2009-cu ildə UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil olmaqla beynəlxalq status aldı. Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev deyir ki, Novruzun geniş bir coğrafiyada yaşayan xalqların ortaq mədəni irsi kimi UNESCO-nun siyahısına daxil edilməsi onun ümumbəşəri bayram mahiyyətini əks etdirir: “Novruz Azərbaycanda, İranda, Türkiyədə, Əfqanıstanda, Pakistanda, Orta Asiya respublikalarında dövlət bayramı kimi qeyd olunur. Biz onlarla da daim əlaqə saxlayırıq. Məsələn, hər il Türkmənistanda keçirilən beynəlxalq Novruz tədbirlərində Azərbaycan da təmsil olunur, eləcə də ölkəmizdə keçirilən bayram şənliklərinə İran, Rusiya, Gürcüstan və digər ölkələrdən qonaqlar gəlir.
Sevindirici haldır ki, 2010-cu il fevralın 23-də Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü elan edib. Qurum üzv dövlətləri bu qədim bayram haqqında biliklərin yayılmasına səy göstərməyə çağırıb. Beləliklə, 2010-cu ildən Novruz beynəlxalq bayram statusu qazanıb və dünyaya qardaşlıq, dostluq bayramı kimi təqdim edilib. BMT-nin ardınca daha beynəlxalq təşkilat, ATƏT-də 21 mart beynəlxalq Novruz bayram kimi təsdiqləndi. Bütün bunlar onu göstərir ki, Novruz onu qeyd edən ölkələrlə məhdudlaşmır, artıq ümumbəşəri bir bayrama çevrilir.
Azərbaycana gəlincə, xalqımız bu bayramı yüz illər boyu qeyd edib. Müstəqillik əldə etdikdən sonra Novruz dövlət bayramı statusu aldı. Azərbaycan xalqı yaşadıqca Novruz bayramı da hər zaman qeyd olunacaq. Arzu edirəm ki, bu bayramda hamının evində ruzi-bərəkət olsun, Novruz Azərbaycan xalqına sevinc bəxş etsin”.
Novruz beynəlxalq təşkilatlarda qeyd olunur
Fikrət Babayev bildirir ki, Novruzun beynəlxalq status qazanmasından sonra bu bayram bir sıra nüfuzlu təşkilatlarda qeyd edilib. Nyu-Yorkda BMT-nin mənzil-qərargahında, Parisdə UNESCO-nun baş ofisində qeyd olunub, Mərakeşdə İSESCO-nun mənzil-qərargahında, Avropa Şurasının Strasburqdakı qərargahında Novruz təqdimatları keçirilib. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY Novruzun beynəlxalq miqyasda təbliği və tanıtımına böyük töhfələr, qurumun iştirakı ilə musiqili tədbirlər təşkil edir: “Bütün bu mərasimlərdə Azərbaycandan da incəsənət ustaları, mədəniyyət xadimləri iştirak edirlər. Bu təqdimatlar Novruzun fəlsəfəsini dünyaya çatdırır, bu bayramın sülhə, barışa, xalqlar arasında dostluğa səsləyən bir mərasim olduğunu təlqin edir. Həmin tədbirlərdə folklorumuzu, incəsənətimizi, milli mətbəximizi təqdim edirik. Bir sözlə, Novruz bayramının dünyaya tanıdılması istiqamətində xeyli işlər görülüb və görülməkdədir”.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva deyir ki, 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin IV sessiyasında Novruzun çoxmillətli nominasiya kimi qurumun reprezentativ siyahısına salınması ilə bu qədim bayram ümumbəşəri miqyasda təsdiqini tapdı. Bu, eyni zamanda xalqımızın mədəni irsinin dünyada tanıdılmasına töhfə oldu: “Xalqımızın ən qədim bayramlarından olan Novruz özündə həmişə milli folklor, şən musiqi, milli yeməklər, milli rəqslər, əyləncələr, eyni zamanda qədim inanclar, adət-ənənələri birləşdirir. Amma bu bayram bir sıra başqa ölkələrdə də qeyd olunur. Burada müəyyən fərqlər olsa da, əsas hədəf insanların baharın gəlişi münasibətilə həmrəylik nümayiş etdirməsidir. Eyni zamanda fərqlər də hər bir xalqa məxsus olan milli-mənəvi keyfiyyətləri əks etdirir. Bu baxımdan, əlbəttə, Novruzun UNESCO-nun siyahısına salınması Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, bu il də martın 21-də Azərbaycan və Türkiyənin müvafiq nazirliklərinin, iki ölkənin UNESCO-dakı nümayəndəliklərinin dəstəyi ilə təşkilatın Parisdəki mənzil-qərargahında Novruz festivalı keçiriləcək. Martın 23-də isə Londonda Mərkəzi Asiya yaz festivalı baş tutacaq.
Mehparə