Mədəniyyət və turizm naziri Bakıda səfərdə olan Monteneqro, Albaniya, Xorvatiya, Macarıstan və Litva nümayəndə heyətləri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 3-də Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" üzrə seminarda iştirak üçün Bakıya səfərə gələn Monteneqronun davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç, Albaniyanın turizm naziri Eqlantina Gjermen, Xorvatiyanın turizm naziri Darko Lorencin, Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi İştvan Komoroçski və Litvanın iqtisadiyyat naziri Evaldas Güstası qəbul etdi.

Ayrı-ayrılıqda keçən görüşlər zamanı ikitərəfli maraq doğuran məsələlər, mədəniyyət və turizm sahəsində münasibətlərin inkişaf perspektivləri müzakirə edildi. Nazir Əbülfəs Qarayev Azərbaycanın sözügedən ölkələrlə əlaqələri haqqında qonaqlara məlumat verib, münasibətlərin inkişafından məmnunluğunu bildirdi. Danışıqlar zamanı o da qeyd olundu ki, dövlətlər arasında əməkdaşlığı daha da gücləndirmək üçün əməkdaşlığın hüquqi bazası formalaşdırılmalı, müvafiq müqavilələr imzalanmalıdır.
* * *
Monteneqro nümayəndə heyəti ilə görüş zamanı Azərbaycanın bu ölkəyə investisiyalarından söz açıldı. Bildirildi ki, son zamanlar Monteneqroya 100-dən artıq ölkə investisiya qoyub və Azərbaycan əsas sərmayədar ölkələr sırasındadır. Turizm sahəsində də bu investisiyalar öz əksini tapır. Ölkəmizin Monteneqroda yaratdığı Milli Parka görə mədəniyyət və turizm nazirinə təşəkkürünü çatdıran qonaqlar vurğuladılar ki, Azərbaycanın bir çox iri şirkətləri tərəfindən həyata keçirilən layihələr bu ölkənin iqtisadiyyatına töhfələr verir.
* * *
Albaniya nümayəndələri görüş zamanı Azərbaycanın turizm təcrübəsindən yararlanmaq, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolunda ölkəmizlə daha yaxın münasibətlər qurmaq niyyətində olduqlarını bildirdilər. Turizmin inkişaf strategiyası və marketinq məsələləri haqqında fikir mübadiləsinin aparılması təklif olundu.
Nazir Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycan mədəniyyət və turizm sahəsində Albaniya ilə əməkdaşlığa, bu ölkəyə yardım etməyə hazırdır. Tələbə mübadiləsi, turizm təhsili ocaqları arasında əlaqələrin yaradılması və digər layihələr həyata keçirilə bilər. Eyni zamanda vurğulandı ki, vaxtilə dövlətlər arasında mədəniyyət və turizm sahəsində ikitərəfli saziş imzalanıb. Razılığa gəlindi ki, həmin saziş çərçivəsində turizmlə bağlı fəaliyyət planı hazırlanaraq icra olunsun, yeni layihə və təşəbbüslər plana daxil edilsin, bu çərçivədə iki ölkə arasında mübadilələr həyata keçirilsin.
* * *
Litva, Xorvatiya, Macarıstan nümayəndələri ilə görüşlərdə də mədəniyyət və turizm sahəsində əlaqələrin genişlənməsi diqqət mərkəzində oldu. Nazir bu ölkələrlə əlaqələrdən bəhs edərək münasibətlərin inkişafında, xalqların bir-birini tanımasında mədəniyyətin mühüm rolunu diqqətə çatdırdı. Qeyd olundu ki, nazirlik mütəmadi olaraq bu yöndə layihələr həyata keçirir.
Qarşılıqlı turist axınının təmin edilməsi, turizm imkanlarının təşviq olunması barədə danışan Əbülfəs Qarayev nümayəndə heyətlərinə ölkəmizin turizm potensialı haqqında məlumat verdi. O da xüsusi qeyd olundu ki, ölkələrimiz arasında əməkdaşlıq təkcə mədəniyyət və incəsənət sahəsində deyil, turizm istiqamətində, o cümlədən turizm təhsili sahəsində inkişaf etməlidir.
Qonaqlar onlara göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirdilər. Qeyd edildi ki, xalqlarımız arasında əlaqələrin zəngin tarixi var və münasibətlərimizin bu gün bütün sahələrdə inkişaf etməsi vacibdir.

Lalə Azəri