Daşkənddəki Beynəlxalq Vestminster Universitetində mədəniyyət festivalı keçirilib.
Festivalda ABŞ, İtaliya, İran, Misir, Hindistan, Pakistan, Böyük Britaniya, Rusiya və digər ölkələrin Özbəkistandakı səfirlikləri iştirak ediblər. Universitetdə dünyanın 30-dan çox ölkəsindən tələbələr ingilis dilində təhsil alırlar.
Ölkəmizi festivalda Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Azərbaycan üçün ayrılmış salonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı ilə bağlı nəşrlər, o cümlədən Viktor Andriyanov və Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından qələmə aldıqları və Azərbaycan, rus, özbək, ingilis dillərində nəşr olunmuş “Heydər Əliyev” kitabı, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrlər, tarixi və mədəniyyətimizlə bağlı çap məhsulları nümayiş etdirilib. AMM-in naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər, habelə qədim məişət əşyalarımız, tar, kamança, saz, qaval və nağara, Azərbaycan musiqisi yazılmış disklər böyük maraqla qarşılanıb. Ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu nəşrlər hədiyyə olunub.
Sonra milli mətbəx festivalı olub. AMM nümayəndələri festival iştirakçılarını milli şirniyyatlara qonaq ediblər.
Festival iştirakçı ölkələrin nümayəndələrinin konsert proqramı ilə başa çatıb. AMM-in “Azəri qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.