Aprelin 10-da Abşeron rayonunun 2014-cü il üçün Azərbaycanın «Sənətkarlıq paytaxtı» elan olunması münasibətilə təqdimat mərasimi keçirildi. Rayon Mədəniyyət mərkəzində təşkil olunan tədbirə əvvəlki illərdə “xalq yaradıcılığı paytaxtları” elan olunmuş rayonların mədəniyyət və turizm şöbələrinin müdirləri, Abşeron rayon ictimaiyyəti, xalq sənətkarları, incəsənət ustaları qatılmışdı.
Mərasimi Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov açaraq «Sənətkarlıq paytaxtı» ilə bağlı tədbirlərin il boyu davam edəcəyini bildirdi.
Qeyd olundu ki, mart ayında qardaş Türkiyədə səfərdə olan rayonun nümayəndə heyəti Bursa, İzmir və Manisa şəhərlərində “Abşeron - Sənətkarlıq paytaxtı”nın təqdimatını ediblər: «Həmin tədbirlərdə rayon Mədəniyyət mərkəzinin bədii-özfəaliyyət kollektivlərinin, Xırdalan şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifaları ilə yanaşı, Abşeron xalçaçılarının, sənətkarlarının əl işlərindən ibarət sərgi də nümayiş etdirildi. Tədbirlərimiz, təqdimatlarımız ölkə daxilində və müxtəlif xarici ölkələrdə davam edəcək».
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin əməkdaşı Rəşad Əliyev qeyd etdi ki, «2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları» proqramı bu il yekunlaşır: «Hər il proqram çərçivəsində Azərbaycanın 3 rayon və şəhəri sənətkarlıq, əfsanələr və folklor nominasiyaları üzrə “paytaxt” elan olunur. Bu il Qəbələ «Əfsanələr paytaxtı», Balakən «Folklor paytaxtı», Abşeron isə «Sənətkarlıq paytaxtı» seçilib. Paytaxt elan olunan rayonlarımızda il ərzində müxtəlif təqdimatlar, tədbirlər həyata keçirilir. Bunun nəticəsində də yeni istedadlar, sənətkarlar aşkarlanır. Onlar gələcəkdə nazirliyin xətti ilə xarici ölkələrdə keçirilən tədbirlərdə ölkəmizi təmsil edəcəklər. Baxmayaraq ki, bu il proqram başa çatır, növbəti illərdə bu layihənin başqa nominasiyalarla davam etdirilməsi nəzərdə tutulur”.
Rayon İcra Hakimiyyətinin Təhsil, səhiyyə və mədəniyyət üzrə şöbəsinin müdiri Hafiz Mikayılov 2014-cü ildə Abşeronun «Sənətkarlıq paytaxtı» seçilməsi münasibətilə ictimaiyyəti təbrik etdi. Bildirdi ki, Azərbaycan xalqı öz mədəniyyəti, incəsənəti, musiqisi ilə həmişə fərqlənib. Bu səbəbdəndir ki, Azərbaycan muğamı, xalça, aşıq sənətimiz, tar ifaçılığı sənəti UNESCO-nun irs siyahısındadır: «Abşeron da öz sənətkarları ilə tanınıb, rayon gözəl mədəni dəyərlərə sahibdir. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi çərçivəsində Abşeronun «Sənətkarlıq paytaxtı» elan olunması da əlamətdar hadisədir. Bu diqqətə görə nazirliyin rəhbərliyinə rayon ictimaiyyəti adından təşəkkür edirəm».
Tədbirin bədii hissəsində Abşeron rayonu Xırdalan şəhər xalq çalğı alətləri orkestrinin ifasında dahi Üzeyir Hacıbəylinin «Arşın mal alan» operasından musiqi nömrələri səsləndirildi.
Mədəniyyət mərkəzinin foyesində rayon sənətkarlarının əl işlərindən ibarət böyük sərgi təşkil edilmişdi. Çoxsaylı ziyarətçiləri olan sərgidə rəsm əsərləri, əl işləri, xalça toxunması prosesi nümayiş etdirilirdi.
Xırdalan şəhər sakini Elçin Muradov rəssamdır. Sərgidə 21 rəsm əsəri nümayiş olunur. O, Abşeron rayonunun «Sənətkarlıq paytaxtı» elan olunmasını yüksək qiymətləndirdiyini, bu layihənin yeni sənətkarların tapılıb üzə çıxarılmasında böyük rolu olacağını bildirdi.
Nicat Məmmədov Qobu qəsəbəsində yaşayır. Milli musiqi alətlərimizin kiçik fiqurlarını hazırlayır. Dediyinə görə, müxtəlif sərgilərdə, tədbirlərdə iştirak edir: «Xüsusilə xaricilər çox maraqlanırlar və suvenir kimi alıb öz ölkələrinə aparırlar. Mən onlara eyni zamanda musiqi alətlərimiz haqqında məlumat verirəm».
Qobu qəsəbə sakini Firəngiz Orucova mədəniyyət evində fəaliyyət göstərən xalçaçılıq dərnəyinin üzvüdür. Sərgi ziyarətçilərinə xalçanın toxunma prosesini göstərirdi. Bildirdi ki, Abşeronun «Sənətkarlıq paytaxtı» loqosunu xalçada toxuyublar: «Loqonun üzərində Abşeronun 15 kənd və qəsəbəsində toxunan və Bakı qrupuna aid xalçaların ornamentləri, Yanardağın təsviri, insanın həyata gəlişi ağac təsvirində və üçrəngli bayrağımız buta formasında əksini tapıb».
Nüşabə Abdullayeva əslən kəlbəcərli olsa da, Abşeron rayonunda yaşayır. Sərgidə balıqqulağı və muncuqdan hazırladığı işlər, qumla portretlər, mənzərələrdən ibarət 50-dək əl işi nümayiş olunurdu. Bizimlə söhbətində bildirdi ki, Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsi heç vaxt onu diqqətdən kənarda saxlamır, hər zaman belə sərgilərə dəvət edir: «Hər bir sənətkara stimul lazımdır. Hesab edirəm ki, Abşeronun «Sənətkarlıq paytaxtı» elan olunması rayon sənətkarlarını yaradıcılıq üçün daha da həvəsləndirəcək».
Fəxriyyə Abdullayeva