Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclasda çıxış edən dövlət başçısı ilin ilk üç ayında ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin artdığını bildirib. İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyi, qeyri-neft sektoruna sərmayələrin cəlb olunmasının vacibliyi vurğulanıb: “Biz çalışmalıyıq ki, xarici investisiyaları ölkəmizin inkişafı üçün lazım olan, prioritet təşkil edən sektorlara cəlb edək. Xarici investisiyalar daha çox neft-qaz sektoruna qoyulur. Bu da təbiidir. Nəzərə alsaq ki, biz indi böyük enerji layihələrini icra edirik, belə də olacaqdır. Ancaq çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da cəlb edək”.
Prezident nəqliyyat sektorunun inkişafından söz açaraq yaxın günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin istifadəyə veriləcəyini deyib: “Bu, dünya miqyasında ən gözəl aerovağzal komplekslərinin arasında olacaq, həm xarici görünüşü, həm daxili rahatlığı çox gözəldir, ən yüksək standartlara cavab verir. Nəzərə alsaq ki, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər artıq adi hal alıb, əlbəttə, bu aeroportun ölkəmizin ümumi inkişafında rolu çox böyük olacaq”.
Dövlət başçısı paytaxtda aparılan yenidənqurma və abadlıq işləri, yeni bulvar və istirahət məkanlarının yaradılması barədə də danışıb. Bildirilib ki, dəniz limanının şəhərin mərkəzindən köçürülməsi bu sahədə yeni imkanlar açacaq: “Limandan Zığ istiqamətinə yeni bulvar - Ağ şəhər bulvarı salınır. Onun indiki uzunluğu təqribən 2 kilometrdən bir qədər çoxdur. Orada yeni ictimai zonalar yaradılır. Səkkizzolaqlı sahil avtomobil yolu, gözəl bulvar tikilir. Birinci mərhələni yay aylarında artıq istifadəyə verməliyik”.
Prezident Bakı ərazisində çirkab suları, tullantılarla dolu göllərin təmizlənməsi ilə bağlı proqramın da icrasına başlandığını və bu ərazilərdə yeni bulvar və istirahət guşələrinin salınacağını diqqətə çatdırıb: “Bu göllər şəhərin içində bir ekoloji fəlakətdir. Bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilib, vəsait ayrılacaqdır. Bu çirkab su hövzələrini biz təmiz göllərə çevirəcəyik. Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə artıq müqavilələr də bağlanıb. Böyükşor gölünün ərazisi təxminən min hektardır. Böyükşor gölünü biz hələlik iki yerə bölürük. Bənd tikiləcək, bu bənd, eyni zamanda, avtomobil yolu olacaq. Birinci mərhələdə gölün Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir. O sahənin ərazisi 300 hektardır. Orada təmiz, şəffaf su olacaq, gölün ətrafında gözəl bulvar tikiləcək. istirahət zonaları olacaqdır. İkinci mərhələdə isə gölün qalan böyük hissəsi də təmizlənəcəkdir. Beləliklə, biz şəhərimizdə yeni, gözəl istirahət, sağlamlıq zonası yaradacağıq. Düzdür, burada görüləsi işlər çoxdur, doqquz göldən söhbət gedir, - ancaq çalışmalıyıq ki, növbəti 5, ya 6 il ərzində yerinə yetirək”.
Prezident gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlığın həlledici mərhələyə qədəm qoyduğunu bildirib: “Bütün işlər cədvəl üzrə gedir. Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika Arenası, Atıcılıq Mərkəzi tikilir, digər obyektlərdə təmir işləri aparılır, yollar çəkilir. Bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir”.