Xəbər verdiyimiz kimi, mayın 3-dən 7-dək Mədəniyyət və Turizm Nazirliyinin Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən festivalda Bakı («Sərhədçi» və «Polad» komandaları), Şəki, Yevlax şəhərlərini, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdam, Ağstafa, Goranboy, Laçın və Xaçmaz rayonlarını təmsil edən 16 komanda iştirak edib. Ötən sayımızda festival proqramına daxil olan papaq, sürpapaq və yaylıq oyunlarının yekunları barədə məlumat vermişdik. Papaq oyunu üzrə birinciliyi İsmayıllı komandası, sürpapaq oyunu üzrə Ağstafa komandası qazanıb. Yaylıq oyununun qalibi Xaçmaz komandası olub.
Çövkən oyunu üzrə qarşılaşmalar xüsusilə maraqlı keçib. Yarımfinalda Ağcabədi təmsilçiləri Balakən komandasına (2:1), Bakının «Sərhədçi» komandası isə “Polad” komandasına (2:0) qalib gəlib. 3-cü yer uğrunda oyunda «Polad» komandası Balakən təmsilçilərindən üstün (2:0) olub.
Mayın 7-də final görüşündə Bakının «Sərhədçi» komandası Ağcabədi təmsilçilərinə 5:0 hesabı ilə qalib gələrək birinciliyi qazanıb.
Sonra festivalın təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyi Aparat rəhbərinin müavini, festivalın keçirilməsi üzrə təşkilat komitəsinin üzvü Cavanşir Cəfərov, Şəki Şəhər İcra Hakimiyyətinin və Respublika Atçılıq Turizm Mərkəzinin nümayəndələri iştirak ediblər. Oyunların qaliblərinə Mədəniyyət və Turizm Nazirliyinin diplomları və pul mükafatları təqdim olunub.
Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova festival iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini oxuyub. Müraciətdə Azərbaycan xalqının milli-mədəni irsinin qorunması, təbliği və tanıdılması istiqamətində apardığı siyasətə görə dövlət başçısına dərin minnətdarlıq ifadə olunub. “Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında xalq milli oyunları ön cərgələrdə yer tutur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev əcdadlarımızdan bizə miras qalmış zəngin maddi və mədəni irsə böyük diqqət və qayğı ilə yanaşmağı dönə-dönə tövsiyə etmiş, azərbaycançılıq ideologiyasının formalaşmasında bunların aparıcı amillər olduğunu hər zaman xatırlatmışdır. Xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məhz ulu öndərin arzu və istəklərinin gerçəkləşdirilməsi zərurətindən irəli gəlir”,- deyə müraciətdə bildirilir.

Fəxriyyə