Mayın 15-də Çexiyanın paytaxtı Praqada ənənəvi kitab sərgisi işə başlayıb. Bu il 20-ci dəfə təşkil olunan tədbir "Beynəlxalq Kitab Sərgisi və Ədəbi Festival" (International Book Fair and Literary Festival) adı altında keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin Çex Respublikasındakı səfirliyinin dəstəyi ilə Azərbaycan da sərgidə təmsil olunur. Tədbirin açılışında Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Praqa kitab sərgisinə ilk dəfə 2011-ci ildə qatılıb. Bu tədbirlərdə iştirak zəngin milli mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərinin və eyni zamanda əldə olunan uğurların dünyaya çatdırılması üçün mühüm vasitədir.
Həyata keçirilən uğurlu mədəniyyət siyasəti nəticəsində ölkəmizdə kitab nəşri və poliqrafiya məhsullarının istehsalı sahəsində bir çox uğurlar əldə edilib, sahənin inkişafına təkan verən lazımi şərait yaradılıb. Ölkə başçısının kitab nəşri, kitabın təbliği, yayılması və qorunmasına, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsi ilə bağlı qərar və göstərişləri əhalinin çap məhsulları ilə təmin olunmasında mühüm rol oynayır.
Mədəniyyət və Turizm Nazirliyi kitab nəşri işinə xüsusi diqqət göstərir, bu sahənin dünya standartlarına uyğun inkişafı və kitab mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması üçün mühüm işlər görür. Azərbaycan kitabı müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlib, beynəlxalq sərgilərdə yüksək səviyyədə təmsil və təbliğ olunub. Hazırda bu istiqamət üzrə fəaliyyət davam etməkdədir.
Praqa sərgisində 12 kvadratmetrlik sahədə milli ekspozisiyamız təşkil olunub. Burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş 160 adda 300 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunur. Stendimizdə "Bakı-2015" I Avropa Oyunları ilə bağlı reklam vasitələri də yerləşdirilib, maraqlananlara ölkəmizin ev sahibliyini edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılır, mədəniyyət və tariximiz haqqında məlumat verilir, kitablar hədiyyə olunur. Sərgi mayın 18-dək davam edəcək.