Beynəlxalq Muzeylər Günü təntənə ilə qeyd edildi

18 may - Beynəlxalq Muzeylər Günü ölkəmizdə müxtəlif tədbirlər, təntənəli mərasimlərlə qeyd edildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mayın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirə də müxtəlif muzeylərin nümayəndələri qatılmışdı.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva muzey işçilərini bayram münasibətilə təbrik etdi. Azərbaycanda ilk muzeyin 1919-cu ildə yaradıldığını xatırladan nazir müavini respublikamızda muzey işinin özünəməxsus inkişaf yolu keçərək, müasir tələblərə cavab verəcək səviyyəyə çatdığını dedi. Əlamətdar günün əhəmiyyətindən söz açan S.Məmmədəliyeva bildirdi ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə qeyd olunan bu günün məqsədi ictimaiyyətin diqqətini muzeylərin vəziyyətinə, burada nümayiş etdirilən eksponat və tarixi nümunələrə cəlb etməkdir: “Bu bayram xalqlar arasında mədəni mübadiləyə, muzeylər arasında əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan muzeyləri də dünyanın bir çox muzeyləri ilə əməkdaşlıq edərək, xalqımızın milli irsini dünyaya tanıdırlar”.
Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev həmişə muzey işinə diqqət və qayğı göstərib. Məhz onun təşəbbüsü ilə ölkəmizdə bir çox tarix-diyarşünaslıq muzeyləri, memorial və ev-muzeyləri yaradılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında muzeylərin inkişafı sahəsində böyük işlər görülür. Təkcə son beş ildə dövlət başçısı tərəfindən muzeylərin inkişafı ilə bağlı 15 sərəncam imzalanıb. Son bir ildə ölkədə 4 yeni muzey - Xaçmazda xalça, Quba, Füzuli və Saatlıda isə tarix-diyarşünaslıq muzeyləri açılıb, bununla yanaşı, bir sıra muzeylər təmir edilib.
Sevda Məmmədəliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muzey sahəsində gördüyü işləri də yüksək qiymətləndirdi, onun təşəbbüsü ilə Bakı Müasir İncəsənət Muzeyinin yaradıldığını vurğuladı.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Beynəlxalq Muzeylər Gününün ənənəvi olaraq Azərbaycanda da yüksək səviyyədə qeyd edildiyini bildirdi. Muzey işinin yüksəldilməsi, milli mədəniyyətimizin təbliği, gənclərin belə mədəniyyət ocaqlarına tez-tez baş çəkmələri üçün hər cür şərait yaradıldığını dedi.
Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM-un Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin direktoru Fikrət Abdullayev, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxış edərək bayram münasibətilə həmkarlarına təbriklərini və xoş arzularını çatdırdılar. Bildirildi ki, bu gün muzeylərimiz inkişaf edir, öz işini beynəlxalq tələblərə uyğun şəkildə həyata keçirir. Muzeylər maddi-mədəni irsi təbliğ etməklə yanaşı, maarifləndirici missiyanı da yerinə yetirir.
Tədbirdə Böyük Britaniyanın bp şirkətinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən elan edilmiş “Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” mövzusunda müsabiqənin iştirakçılarının fotolarından ibarət sərgi də nümayiş olundu. Müsabiqəyə qatılmış 12 iştirakçıya diplom və hədiyyələr verildi.
Beynəlxalq Muzeylər Günü münasibətilə fotoqraflar Rauf Umudova “Qarabağ atları” əsərinə görə İCOM-un Azərbaycan Milli Komitəsi tərəfindən, Səftər İmanova isə səmərəli fəaliyyətinə görə Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edildi.
Tədbir çərçivəsində Azərbaycan muzeylərinin informasiya bülleteninin birinci nömrəsinin təqdimatı da keçirildi.
İlk dəfə olaraq Milli İncəsənət Muzeyinin foyesində muzey fondlarında qorunub saxlanılan eksponatların köynək və hel şarları üzərində hazırlanmış reproduksiyaların nümayişi də maraqla qarşılandı.
Sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblının konserti təqdim olundu.

F.Hüseynov