Növbəti açılış mərasimi Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində gerçəkləşdi
Mayın 26-da paytaxtın Qaradağ rayonundakı Müşfiqabad qəsəbəsində əlamətdar hadisə baş verdi. Qəsəbədəki Mədəniyyət evi əsaslı təmir-bərpadan sonra yenidən qapılarını sakinlərin üzünə açdı.
Mədəniyyət ocağının həyətində qələbəlik, bayram ab-havası vardı. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Ağalar Vəliyev, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Açılış münasibətilə tədbir iştirakçılarını, qəsəbə sakinlərini təbrik edən nazir Əbülfəs Qarayev mədəniyyət ocağının fəaliyyətinə uğurlar arzuladı. Respublikanın ayrı-ayrı bölgələrində pilot layihə olaraq müasir mədəniyyət mərkəzlərinin yaradıldığını diqqətə çatdıran nazir bu müəssisələrin əhalinin asudə vaxtının səmərəli təşkili və incəsənətin müxtəlif istiqamətlərində bacarıqlarını genişləndirmək baxımından əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilən müvafiq proqram əsasında Bakı şəhəri kəndlərinin inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər görülür, yeni infrastruktur layihələri həyata keçirilir: “Dövlətin, ölkə başçısının Bakıətrafı kənd və qəsəbələrə diqqət və qayğısının təzahürü olan bu işlər mədəniyyət sahəsini də əhatə edir. Bu da mədəniyyətimizə, incəsənət və turizmimizə göstərilən dövlət səviyyəsində diqqət və qayğının nəticəsidir. Bu gün Bakının kənd və qəsəbələrində müxtəlif profilli mədəniyyət müəssisələri istifadəyə verilir və onların hər birində mədəni irsimizin təbliğ və tərəqqisi üçün uğurlu layihələr həyata keçirilir”.
Ulu öndər Heydər Əliyevin hələ sovet dövründə respublikaya rəhbərliyi zamanı ən ucqar bölgələrdə belə mədəniyyət ocaqlarının yaradılmasının diqqət mərkəzində olduğunu xatırladan Əbülfəs Qarayev həmin siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdiyini, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramında bu sahəyə xüsusi yer ayrıldığını vurğuladı.
Bu istiqamətdə işlərin dövrün tələblərinə uyğun davam etdirildiyi, yeni mədəniyyət mərkəzlərinin artıq çoxfunksiyalı bir müəssisəyə çevrildiyi diqqətə çatdırıldı: “Burada həm müasir kitabxana, həm də konsertlərin təşkili üçün məkan, müxtəlif incəsənət sahələri, musiqi, dram dərnəyi, təsviri və tətbiqi sənət növlərinin təşviqi üçün imkanlar, yüksək mədəni xidmətin təşkili üçün şərait var”.
Regionlara, Bakətrafı qəsəbələrin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkür edən nazir bu kimi mərkəzlərin mədəniyyətimizin təbliğində də töhfəsini verəcəyini bildirdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərinin bu günü çoxdan gözlədiklərini qeyd edərək mədəniyyət müəssisəsinin əhəmiyyətindən söz açdı. İcra başçısı əmin olduğunu bildirdi ki, 1987-ci ildən fəaliyyət göstərən bina əsaslı təmir-bərpadan sonra uğurla fəaliyyət göstərəcək.
Sakinlər adından çıxış edən 274 nömrəli orta məktəbin direktoru Atakişi Cəfərov qəsəbədə Mədəniyyət evinin yenidən fəaliyyətə başlamasını mühüm hadisə kimi səciyyələndirdi və bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Açılışı bildirən lent kəsiləndən sonra tədbir iştirakçıları bina ilə tanış oldular. 1987-ci inşa olunmuş Mədəniyyət evi “2011-2013-cü illər üzrə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində, mədəniyyət sahəsində həyata keçiriləcək tədbirlər planına əsasən, 2011-ci ildə əsaslı təmirə dayandırılıb. Təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilib. Ümumi sahəsi 2850 kvadratmetr olan binanın birinci mərtəbəsində 224 nəfərlik tamaşa zalı, işıqlandırma və idarəetmə sistemi, yaradıcılıq üçün ayrılmış müxtəlif otaqlar var. Burada həmçinin Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı (Müşfiqabad qəsəbə kütləvi kitabxanası) fəaliyyət göstərəcək. İkinci mərtəbədə 110 nəfərlik konfrans zalı və texniki avadanlıqlar, internet şəbəkəsi üçün ayrılmış bir sıra başqa otaqlar, eləcə də bədii qiraət, uşaq dram dərnəyi, tar, fortepiano, muğam, qarmon, rəsm və başqa dərnəklərin otaqları yerləşir.
Bina ilə tanışlıqdan sonra Mədəniyyət evinin zalında müəssisənin özfəaliyyət kollektivinin ifasında maraqlı konsert proqramı təqdim edildi.
Həmidə