Sevinc Nuruqızı: «Tənqid uşaq ədəbiyyatının problemlərini ortaya qoya bilər»
   
   Bu gün onu uşaq ədəbiyyatımızın ağırlıqlarını çiyinlərində daşıyan tək-tük yazıçılarımızdan biri adlandırmaq olar. «Çərpələng», «Qisas» və sairə uşaq kitablarının müəllifi olan Sevinc Nuruqızı qadın olmasına rəğmən kiçik yaşlılar üçün ədəbi əsərlər yazmaq qədər ağır və məsuliyyətli işdən çəkinmir.
  

  
   - Sevinc xanım, bir vaxtlar qadının yazıçı olaraq cəmiyyətdə tanınması mümkünsüz olduğundan, Jorj Sand kimi kişi təxəllüsündən istifadə edilirdi.
  
- İndi bizim cəmiyyətdə bir proses gedir.
   Qadınlar o qədər hüquqsuz deyil ki, yazıçı olmaq üçün kişi təxəllüsündə gizlənsinlər. Əvvəllər bu bir zərurətdən doğub. Digər tərəfdən, hansısa yazıçının bilərəkdən başqa bir adla çıxış etməsi faktları var. Bu, sadəcə başqa bir təfəkkürün və ya üslubun təqdim edilməsinə hesablanıb.
   - Ədəbiyyatımızda hansı qadın imzalarını qəbul edirsiniz?
  
- Müasir cəmiyyətdə qadın kişi ilə barabər maşını da idarə edir. Bu baxımdan yazıçıları kişi və qadın bölgülərinə ayırmağın əleyhinəyəm. Azərbaycan ədəbiyyatında hər zaman güclü qadın yazarlar olub və bu gün də var. Ədəbi tənqiddə, uşaq ədəbiyyatında, digər ədəbi sahələrdə tanınmış imza sahibi olan qadınlarımız mövcuddur. Bu baxımdan kişilərdən heç də geri qalmırıq.
   - Biz ailəyə bağlı millətik. Ailə yükü isə daha çox qadın çiynində daşınır. Belədə ailə qadının yazıçılığına maneə törətmirmi?
  
- Yox. Çalışıram ki, üzərimə düşən bütün işləri yerinə yetirim. O cümlədən ədəbi yaradıcılıq işimin bir hissəsinə çevrilib.
   - Uşaq ədəbiyyatında imzanızı qoymaqla yanaşı, digər səmtli əsərlərə də müraciət edirsiniz. Bu hansı ehtiyacdan doğur?
  
- Ümumiyyətlə, yaradıcılığımda iki istiqamət mövcuddur. Sözsüz ki, uşaq ədəbiyyatı və bu gün üzləşdiyimiz qlobal problemlərdən bəhs edən əsərlər. Bir yazıçı Qarabağ problemimizdən yazmaya bilərmi? Axı, biz bu ağrını hələ də yaşayırıq. Bu sıradan bir çox əsərlərim var. Məsələn, «Qisas» adlı povestimdə müharibənin ağrısını çəkən ana obrazını göstərdim. Yaxınlarını, doğmalarını itirmiş qadınlarımızın faciəsini ümumiləşdirmişəm. Bu yöndə yazdığım bir çox əsərlər həm də tamaşaya qoyulub. Bu yaxınlarda isə Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında müharibə dəhşətlərindən bəhs edən «Cəhənnəm» əsərim səhnə həyatını yaşayacaq. Bu əsərlərdə həm də faciəni öz uşaq taleyində yaşayanların obrazı var. Çünki müharibənin psixoloji zərbəsi ən çox uşaqlara dəyir.
   - Bu gün uşaqların İnternet oyunlarına xüsusi həvəsini müşahidə edəndə onların fantaziyaya, müasirliyə olan ehtiyacını ödəyən ədəbiyyatın olmadığı qənaətinə gəlmək mümkündür.
  
- Müasirlik mütləq nəzərə alınmalıdır. Harri Potter fantastikası sevilir. Uşağın fantastikaya, xəyala ehtiyacı var. Biz onun daxili tələbatını öyrənməliyik. Bu yoxdursa o, İnternet oyunlarına daha çox bağlanacaq. Amma ədəbiyyatın verəcəyi təfəkkürü İnternet verə bilməz. Digər tərəfdən, beş yaşlı uşaq İnternetlə əylənə bilməz, onun üçün ədəbiyyat dünyası vermək lazım gəlir. Şeir, nağıl... Buradaca xüsusi qeyd edim ki, uşaqlar üçün nəşrlərdə qabarıq nəzərə çarpan problem rəngli illüstrasiyaların yoxluğudur. Uşaqlara rəng dünyasının sehrini verə bilmirik. O, isə rəngarəngliyi sevir, bəzən mətnin çatdıra bilmədiyini məhz illüstrasiyalar qabarıq şəkildə üzə çıxarır. Uşaq yazıçısı oxucusunu anlamalıdır ki, inkişafda olan gələcək nəslə səhv təsəvvürlər aşılamasın. Uşağa, «vətəni sev» deyə amiranə metodla tərbiyə vermək olmaz. Sadəcə, vətəni nə üçün sevmək lazım olduğunu ona öz dili ilə anlatmaq lazımdır. Rus uşaq yazıçısı Qriqori Osterin bir metodu var. O, birbaşa olaraq mənfiliyə qarşı çıxmır. Əks-metod tətbiq edir. Məsələn, deyir ki, məktəbli qızın saçlarından dart, qoy başı ağrısın. Uşaq düşünür və düzgün nəticə çıxarır.
   - Son bir ildə uşaqlar üçün hansı əsərləri təqdim etmisiniz?
  
- 2008 və 2009-cu illərin kəsişməsində səkkiz yeni kitabım işıq üzü görüb. Təbii ki, bunlar nəşriyyatın öz imkanları hesabına başa gəlib. Bir neçəsi də çapa hazırlanır. Ərsəyə gələn kitablarım - “Qəribə kəndin nağılı”, “Bozqulaq və fəsillər”, “Paltar dolabında gizlənpaç”, “Muradın yuxusu” və başqalarıdır. Bundan əlavə, bu kitablar üçün yazılmış ensiklopedik məlumatlarla zəngin dörd əlavə də buraxılıb.
   - Sizcə, “Siçan bəy”, “Cırtdan” kimi qəhrəmanların sırasına yenilərini əlavə etməyin vaxtı çatmayıb?
  
- Bu qəhrəmanlar özlərinə yer edincə uzun illər keçib. Mən də hesab edirəm ki, onlara yeniləri əlavə olunmalıdır. Çünki yaşlılarla uşaqların arasında ən azı bir nağıl qəhrəmanı fərqi olmalıdır. Əgər doxsan yaşlı nənə də “Göyçək Fatma”nı nağıl edirsə, beş yaşlı uşaq da ancaq onu tanıyırsa, bu, milli köklərimizə bağlılıqla yanaşı, bir qədər də ətalətin göstəricisidir. Yeni yaranan qəhrəmanlar uşaqlara hansısa vasitə ilə çatdırılmalıdır. Məhdud saylı nəşri olan uşaq ədəbiyyatı nümunələrinin uşaqlara nə isə verəcəyini gözləmək mənasızdır. Belə getsə, düşünürəm ki, hələ bir neçə onillik uşaqlarımızın başını “Tıq-tıq xanım”la qatmalı olacağıq.
   - Söhbət düşəndə uşaq yazarlarımız ədəbi tənqidin onların yaradıcılığına diqqətsizlikdən gileylənirlər.
  
- Deyəsən, ədəbi tənqimiz də uşaq ədəbiyyatı kimi axsayır. Belə bir vəziyyət yaranıb, tənqidimiz qəti surətdə uşaqlar üçün yazılmış əsərlərə nəzər yetirmir. Məgər bu əsərlərin ədəbiyyata dəxli yoxdur? Uşaq ədəbiyyatının araşdırmaçıları olmalıdır. Tənqid bu gün bizim əsərlərimizin real mənzərəsini ortaya qoya bilər. Çatışmazlıqları üzə çıxarar, bununla inkişafa təkan verərdi. Bu cür problemlər yaradıcılığımızda ənənələrimizi tədricən qıracaq. Təsəvvür edin, təxminən 500 yazıçı içində cəmi 5-6 uşaq yazıçımız var. Proporsiya pozulub. Əgər iki valideyn varsa, ailəmizdə minimum 2-3 uşaq da var və onların uşaq ədəbiyyatına ehtiyacı var.
   - Maraqlıdır, necə oldu ki, uşaq yazarlığını seçdiniz?
  
- Bir növ təsadüf... Əvvəllər adi şeirlər yazırdım. Bir dəfə yol gedərkən maraqlı əhvalat danışdılar. Bu əhvalatı «Ağ xoruzun hekayəti» adlı poemaya çevirdim. Elə bu poema ilə də uşaq ədəbiyyatına daxil oldum.
   - Kiçik yaşlarında xoşladığınız uşaq yazarları və bu gün bir peşəkar olaraq izlədiyiniz yazarlar...
 
  - Veslinin «Ata, ana, nənə və 8 uşaq meşədə» əsərini, A.Linderqenin «Damda yaşayan Karlson», M.Tvenin «Tom Soyerin macəraları»nı uşaq yaşlarımda dönə-dönə oxuyurdum. Sözsüz ki, bir yazar üçün dünyadan xəbər tutmaq vacibdir. Çukovskinin, Byankinin, Yansenin, Porterin, Zaxaderin əsərlərini izləyirəm. Bu uşaq yazarları dünya səviyyəsində oxunur.
   - Nə gözləyirsiniz bu ildən?
 
  - Çox şey gözləyirəm. Bu ildən ciddi surətdə uşaq nəşrlərinə diqqət göstərilməlidir. Uşaq nəşrləri kütləvi çap olunmalıdır. Kiçik tiraj özünü doğrultmur. Uşaq həmişə var, tiraj onları əhatə etməlidir. Uşaq ədəbiyyatı mərkəzi olarsa, effektli iş görmək olar. Mərkəzləşmiş iş xaosa son qoyar. Təsadüfi adamların özlərini uşaq yazıçısı sayaraq lazımsız şeirləri ilə uşaqların zövqünü korlamasına son qoyulmalıdır. Uşaq ədəbiyyatının yaranması üçün gənc yazarların bu sahəyə marağını artırmağa yönəlmiş işlər görülməlidir. Ümumi inkişaf konsepsiyası, hazırlanması və həmin mərkəz sistemli iş aparmalıdır. Məktəblərdə kitab köşkləri olarsa, onları nəşrlərlə ciddi maraqlandırmaq mümkündür. Bu gün uşaq mətbuatına ciddi ehtiyac var. Amma ortada ciddi uşaq mətbuatı yoxdur. Tutaq ki, uşağın geyimi, qidası var. Bəs onun mənəvi qidası? Bu qidanın verilməsi uşaq ədəbiyyatından keçir.
   Adi bir məsələ, uşaqlar üçün nəşrlər elə şriftlərlə seçilir ki, uşaq mətni oxuya bilmir, gözləri ağrıyır. Bu sahəyə nəzarət edəcək quruma ehtiyac var.
   - Bəs bu gün hansı uşaq yazarlarımızın əsərləri izlənilir?
 
  - Zahid Xəlil, Ələmdar Quluzadə, Rafiq Yusif, Xanımana Əlibəyli izlənən yazarlarımızdandır. Gənclərdən Aygün Bünyadzadənin əsərləri müsbət cəhətdən fərqlənir. O, uşaq dünyasına enməyi bacarır. Uşaq yazıçısından həm uşağa savad, həm intellekt vermək məharəti tələb olunur.
   - Bəs işlədiyiniz «Təhsil» nəşriyyatı Uşaq ilinə hansı töhfələr hazırlayır?
 
  - Nəşriyyatımız bu ilə uşaq ədəbiyyatı nümunələrinin silsilə nəşrini planlaşdırıb. Nəfis şəkildə çap olunacaq bu kitabların maraq doğuracağına əminəm. Bir çox yazarlarımızın uşaqlar üçün yazdıqlar əsərlərini əhatə edən 4 toplumuzu nəşr etmişik. Bundan başqa, folklorumuzu, dastanlarımızı uşaq oxucularına təqdim edəcəyik.
   - Bir vaxtlar radioda uşaq verilişləri hazırlayıbsınız, kiçik bir sorğu keçirsək, televiziya kanallarımızda da uşaq verilişlərinin səviyyəsinin arzuolunmazlığı üzə çıxar.
  
- İndi televiziya kanallarında az-çox mövcud olan uşaq verilişləri çox aşağı səviyyədədir. Hay-küy, qışqırıq... Bununla hesab edirlər ki, uşaqları əyləndirirlər. Amma əksi alınır. Bu verilişlərdə uşaqları elə hazırlayırlar ki, onlar böyüklər kimi danışırlar. Mətni əzbərlətməklə hansı maraqlı veriliş alınar? Uşaq verilişlərinin uşaq sifəti yoxdur. Əyləncə və intellektin birləşdirilməsi ilə gözəl veriliş hazırlamaq olar. Belə verilişlər bilavasitə uşaq ədəbiyyatının geniş təbliğinə də kömək edərdi.
  
   Sabutay