Mövlam Hüseynli
   
   
   
   
   Yurdum
  

   Sevgi divanında sevdalı başım,
   Qara torpağına qurban, a yurdum!
   Cənnətin şəhidlik astanasında,
   Mənəm eşqə düşüb duran, a yurdum!
  
   Ruhum göylərində nurla görüşdü,
   Bu Tanrı eşqiydi könlümə düşdü.
   Qanı çiçəkləyən səngər behiştin,
   Qurban keşiyində durana, yurdum!
  
   Min il əlçim-əlçim dərd dərə bəşər,
   Yenə çarə tapmaz dərdlərə bəşər.
   Göyün üzünədək sədd hörə bəşər,
   Boy verməz tökülən bu qana, yurdum!
  
   Sıx dərdi sinəndən, sağ gözlərimə,
   Ah etsəm, qoy gəlsin ağ gözlərimə.
   Yolunda çəkilsin ağ gözlərimə -
   Təki məlhəm olsun yarana, yurdum!
  
   Kim sənə qıyarsa sevdiyi canı
   Əzab məqamında edər bayramı.
   Əsdir yellərini, çalım laylanı -
   Eşqinlə can verən var, ana yurdum!
  
  
   Ötən günə vida
  

   Salamat qal, ötən günüm!
   Mən bir də əlini sıxmayacağam,
   Sən bir də ömrümə çıxmayacaqsan.
   Gedirsən,
    canında bir gün çəkdiyim
   Əzablarım və siqaret tüstüsü,
   Dostlarla kəsdiyim beş-on kəlmənin
   Könlümü oxşayan tərif ütüsü.
  
   Çəkilirsən ömrümün səhnəsindən
   Qara saçlı, bəyaz üzlü bir xanımın
   Umsunan baxışları gedir səninlə,
   Körpəsinin dəcəlliyini döyəcləyən
   Bir ananın qarğışları gedir səninlə.
  
   Məni bir günlük ehtiyacın
    əlindən qopardın, sağ ol!
   Bir göz qırpımıydın, nəydin bilmədim,
   Bir günlük dərdimi apardın, sağ ol!
   Ulduzları sayrışan bir axşama
    gətirib tapşırdın ömrümü.
   Dözdün dost olan qardaş kimi
    pisimə, yaxşıma.
   Bəxtim varmış görünür.
  
   Axşam qıyıb gözlərini
   Əl eyləyir ötən günə.
   Salamat qal, ötən günüm,
   Sağ ol ki, çıxdın ömrümə!
    Nar budağı
   Aşıq Şakirin xatirəsinə
  
   Həsrətimin dəli çağı,
   Bəxtəvər eylədi bağı.
   Oxşadıqca yar budağı,
   Nazlanırdı nar budağı.
  
   Yar oxşayan yarpaq əziz,
   Kölgəsində torpaq əziz.
   Toxunanda lalə bəniz,
   Odlanırdı hər budağı.
  
   Çiçəyindən tutub dəstə,
   Ehtiyatla, lap ahəstə.
   Öpüb qoydum gözüm üstə,
   Öpdüm bəxtəvər budağı.
  
   Yar ki, bağda dolanırdı,
   Hər yan od tutub yanırdı.
   Möcüzəydi nar budağı,
   Bürümüşdü qor budağı.
  
   
   Məktub
  

   Özüm də bilmirəm bu məktubumu
   Mən hansı ünvana, yerə göndərim.
   Üzümü Tanrıya tutub oxuyum,
   Yoxsa küləklərlə yara göndərim.
  
   «Sevgim bütöv idi, bir idi eşqim,
   Cumub səngərlərə yeridi eşqim.
   Dedim: - atəşlidi, diridi eşqim,
   Vətən hara desə, ora göndərim.
  
   Əcəllə göz-gözə dirəşdi ömür,
   Ölümlə o ki var güləşdi ömür.
   Yenə bu dünyaya yerləşdi ömür,
   Bəxt ömrə - qal, - desə, hara göndərim?
  
   Çevirib həyatın son varağını
   Kədərin rəngiylə yazdım ağını.
   Sinəmə çəkilən Vətən dağını
   Canıma bürüyüb gora göndərim».
  
   Bax yazıb qurtardım bu məktubumu,
   Bəs hansı ünvana, yerə göndərim?
   Üzümü Tanrıya tutub oxuyum…
   …Bəlkə, yol gözləyən yara göndərim?!
  
   
   Eylər
  

   Şişib damarları, durulub qanı
   Bu dünya yenə də cavanlıq eylər.
   Ömür köhlənindən salıb hamını
   Çəkib dişlərinə yavanlıq eylər.
  
   Baxmaz gövhərinə, baxmaz ləlinə,
   Baxmaz gəncliyinə, ümidlərinə.
   Verib tellərini qəza yelinə
   Körpə uşaq kimi nadanlıq eylər.
  
   Cilovu gəmirib qıran kəhərdi,
   Bəlalar üstünə dördnala gəldi.
   Bilinməz ömürdə şamdı, səhərdi
   Elə ki, qisməti dumanlıq eylər.
  
   Guya tamarzıdı, heç qan görməyib,
   Sinə dağlamayıb, qəltan görməyib.
   Min dəfə boyanıb qana köynəyi,
   Yenə də özünə yamanlıq eylər.
  
   Haqqa söykənmədi - dibi laxlayır,
   Göyləri çökərdi - ahlar saxlayır.
   Hələ ki, rəhm edir, Allah saxlayır,
   İstəsə bir anda oyanlıq eylər.