Sabir Yusifoğlu
Üzü qara xallı dəniz
Gözü mavi, teli bəyaz,
Üzü qara xallı dəniz.
Adamları yarıçılpaq,
Balıqları pullu dəniz.
Gəmilərin sinəsinə,
Qadın kimi sıxılırsan.
Gözəlin də çirkinin də
Ayağına yıxılırsan.
Bir az da dərdimizdən al,
Göz yaşını udan dəniz.
Bilsən ki, biz nə çəkirik
Çıxarsanmı sudan dəniz?
Yelkəni külək gözləyən,
Qayıqlardan biri mənəm.
Gətir mənim küləyimi
Sonrasın özüm bilərəm.
Gözü mavi, teli bəyaz,
Üzü qara xallı dəniz.
Adamları yarıçılpaq,
Balıqları pullu dəniz.
Ömrün quraqlıq keçən günlərinə
Susuz səhra kimi uzanır ömrüm,
İlğıma çevrilir çatdıqlarım da.
Ürəyim bir yana, çat verir indi,
İlk öpüşün yeri dodaqlarımda.
On yeddi yaşımın yaşıllığından,
Çıxıb bu tərəfə düşəcəyimi,
Bilmədim, küləklər ağzında gedən,
Qanadı qırılmış yarpaqlar kimi.
Dünyanın ikicə rəngi var imiş,
Bir də ikisinin qarışığı - boz.
Hardansa səs gəlir: taleyin ilə
Sən öz arandakı barışığı poz.
Saçından asılmış qızdı bu tale -
Nağıl quyusunun qaranlığında.
Ümid basdırıram hər ötən günə,
Göyərmir buranın quraqlığında.
Susuz səhra kimi uzanır ömür,
Susuz səhra kimi…
Görünmürəm
Çıxa bilmirəm ömrün
Gün düşən tərəfinə.
Yollar gedir torpağın
Dən düşən tərəfinə.
Görünmürəm, görünmür,
Ürəyimin harayı.
Hər il mənim adıma
Çatlamış bir nar ayır.
Yaralı yalquzağın,
Halına yanmağım da,
Qəmli, nəmli gözlərdən,
Yıxılıb sınmağım da.
Ürəyimi bu küncdən,
O küncə daşımaq da…
Mənlik deyilmiş, anam,
Heç belə yaşamaq da.
Hər il mənim adıma
Çatlamış bir nar ayır.
Görünmürəm, görünmür,
Ürəyimin harayı.
Dərdin üst-başını örtmək də olmur
Hansı yaza qaldı boy atmağımız,
Ürəyim heç nəyə uçunmur daha.
Yıxılıb ömrümdə qalan günlərin,
Üzünü ağardan saçımdı daha.
Məni sürüyürmüş sürdüyüm ömür,
Ürək də soyulub sürünmək ilə.
Dərdin üst-başını örtmək də olmur,
Köynəyə, pencəyə bürünmək ilə.
Nə bu can mənimdi, nə mən dünyanın,
Ömrün tələsində çırpınan ovam.
Qəlbində varamsa çıxar, at məni,
Mələklər yanında boş qalıb yuvam.
Yaramda gizlənən qəlpə kimisən
Şehli çəmən bilib keçdin ömrümdən,
Hər gün təzələnir səndən qalan iz.
Ürəyim sazaqda tinə qısılan,
Dilənçi uşaqtək sızlayır sənsiz.
Yaramda gizlənən qəlpə kimisən,
Ağrın çəkilmir heç yuxumdan belə.
Elə dərindəsən çıxarmaq olmur -
Divar qonşususan ürəyim ilə.
Səsin də yoxdu ki, maqnitofonda,
Hər gündən ömrümə bir an yazıla.
Eh, bu da taledi, tək sən deyilsən,
Nikah kağızına yalan yazılan.