Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar iyulun 1-də Zərdabda regional konfrans keçirilib.
17 rayondan yerli qəzetlərin redaktorlarının və rayon icra hakimiyyətlərinin məsul işçilərinin də dəvət olunduqları konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi anılıb, abidəsi önünə gül-çiçək dəstələri düzülüb. Konfrans iştirakçıları Həsən bəy Zərdabi muzeyində də olublar.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev qonaqları Zərdabi yurdunda salamlamaqdan məmnunluğunu bildirib.
Konfransda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında böyük xidmətlər göstərən Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən danışıb.
Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli sərəncamından söz açan Ə.Mehdiyev bildirib ki, sənədə uyğun olaraq respublikamızda milli mətbuatımızın yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək. Bu silsilədən ilk tədbir Bakı Dövlət Universitetində keçirildi. Regionlar üzrə ilk konfrans isə Zərdabi yurdunda təşkil olunur. Hər iki ünvanın böyük rəmzi mənası var.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində gördüyü işləri xatırladan Ə.Mehdiyev bunun davamlı olacağını diqqətə çatdırıb.
Regional konfransda Mətbuat Şurası idarə heyətinin üzvü, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev “Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda məruzə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı Jalə Əliyeva bu gün milli mətbuatımıza, jurnalistlərə göstərilən dövlət qayğısından bəhs ediblər.
Konfrans işini məruzə və çıxışlar ətrafında müzakirələrlə davam etdirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar