Mədəniyyət və turizm naziri ABŞ-ın və Əfqanıstanın Azərbaycandakı səfirləri ilə görüşüb

İyulun 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul etdi.

Nazir Azərbaycanla ABŞ arasında əlaqələrdən söz açaraq bu münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini bildirdi. Əbülfəs Qarayev Birləşmiş Ştatlar səfirliyinin mədəniyyətlə bağlı layihələrə diqqətini, eləcə də səfir Robert Sekutanın ölkəmizdə keçirilən mədəniyyət tədbirlərində fəal iştirakını xüsusi vurğuladı.
ABŞ səfiri də öz növbəsində əməkdaşlığa görə nazirə minnətdarlığını bildirdi və bunun gələcəkdə də davam edəcəyinə ümid etdiyini dedi. Diplomat Azərbaycanda maraqlı mədəniyyət və turizm tədbirlərinin keçirildiyini qeyd edərək onların bir çoxuna qatılmasından məmnunluğunu ifadə etdi. Qeyd olundu ki, Azərbaycanda müxtəlif dinlərə aid, fərqli dilləri və mədəni irsi olan xalqlar sülh şəraitində yaşayır və bu, Azərbaycanın tolerant ölkə olduğunu nümayiş etdirir.
Nazir Əbülfəs Qarayev Azərbaycanın həm mədəniyyət, həm də turizm sahəsində qarşılıqlı əlaqələrə böyük önəm verdiyini diqqətə çatdıraraq bu əməkdaşlıq zəminində ölkəmizin ABŞ-da müxtəlif sərgilərdə, mədəniyyət tədbirlərində iştirakından bəhs etdi.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm əlaqələri müzakirə olundu, perspektiv planlar ətrafında fikir mübadiləsi aparıldı.

* * *
İyulun 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili ilə görüşdü.
Mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarından söhbət açan nazir qarşılıqlı səfərlərin bu əlaqələri daha da intensivləşdirəcəyini bildirdi. Ötən ilin martında Əfqanıstanın paytaxtı Kabildə keçirilən Novruz sammitində Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirak etdiyini xatırladan Əbülfəs Qarayev iki ölkə xalqlarını birləşdirən tarixi bağların, dini, mənəvi dəyərlərin olduğunu vurğuladı.
Bildirildi ki, Azərbaycanla Əfqanıstanın oxşar cəhətlərindən biri də çoxmillətli və çoxmədəniyyətli ölkələr olmasıdır: "Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələrinə Əfqanıstandan da ifaçıları dəvət edirik. Ölkənizin turizm şirkətləri Bakıda keçirilən turizm sərgilərinə qatılırlar. Bu baxımdan biz əlaqələrimizin daha da inkişaf etdirilməsinin tərəfdarıyıq".
Səfir də öz növbəsində xalqlarımız arasında dini, mədəni yaxınlıqdan bəhs etdi və bildirdi ki, Əfqanıstan səfirliyinin fəaliyyəti həm də bu əlaqələrin inkişaf etdirilməsinə yönəlib.
Görüşdə mədəniyyət və turizm əlaqələri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar