Şəhərdə Mətbuat Evinin açılması jurnalistlərə bayram töhfəsi olub

İyulun 4-də Gəncə şəhərində “Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra milli mətbuatımızın yaranmasının 140 illiyi münasibətilə Gəncədə “Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyəti Mətbuat Evinin açılışı olub. Konfrans iştirakçıları binada yaradılan şəraitlə tanış olublar. Gəncəçayın sağ sahilində yerləşən, 460 kvadratmetrlik ərazini əhatə edən bina informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin olunub. Burada sürətli internet şəbəkəsi yaradılıb ki, bu da kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumatları operativ ötürüb-qəbul etməyə imkan verir. Mətbuat Evində iş və istirahət otaqları, konfrans zalı da fəaliyyət göstərəcək.
Daha sonra Heydər Əliyev Mərkəzində “Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda konfrans işə başlayıb.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, Gəncədə istifadəyə verilən Mətbuat Evi də bu sahədə çalışan insanlara bayram hədiyyəsidir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ölkəmizdə KİV nümayəndələrinə göstərilən dövlət qayğısından, son illərdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb. Ölkəmizdə mətbuatın inkişaf etdirilməsi üçün bütün lazımi addımların atıldığını deyən Prezident Administrasiyasının rəsmisi görülən işlər nəticəsində artıq regionlarda da mətbuatın inkişaf etdiyini, yeni peşəkar kadrlar yetişdiyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müstəqillik dövründə milli mətbuatımızın inkişafı sahəsində həyata keçirilmiş islahatlardan söhbət açıb, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması və digər mühüm istiqamətlərdə reallaşdırılan layihələr barədə məlumat verib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir müstəqil Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısından danışıb. Bildirib ki, respublikamızda mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkanlar yaradılıb.
“Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas qeyd edib ki, Azərbaycan Prezidentinin milli mətbuatımızın 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamı jurnalistikamızın daha da inkişafında mühüm rol oynayacaq.
Konfransda paytaxt və bölgələrdə fəaliyyət göstərən qəzet redaktorları və rayon icra hakimiyyəti başçıları aparatlarının nümayəndələri də çıxış edərək region mətbuatının bugünkü durumundan, son dövrlərdə bu sahədəki inkişafdan, jurnalistlərə göstərilən dövlət qayğısından danışıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar