İyulun 9-da “Milan Expo-2015” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub. “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Tədbirə İtaliya hökumətinin nümayəndələri, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər qonaqlar qatılıblar.
“Milan Expo-2015”də Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda qoyulub. Ümumilikdə pavilyonda hazırlıq və tikinti işləri 18 ay ərzində davam edib. Azərbaycan milli pavilyonu üzrə təşkilati işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən aparılıb. Ümumi sahəsi 1800 kvadratmetr olan dördmərtəbəli milli pavilyon sərginin builki devizinə uyğun olaraq Azərbaycanın tarixi və mədəni irsini, zəngin ekoloji potensialını, flora və faunasının zənginliyini, nadir biomüxtəlifliyini tərənnüm edir.
Milli pavilyonumuzda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq “Mirroring Baku” - Bakı ilə birbaşa əlaqə yaradılıb. Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da var. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olur. Layihə Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın paytaxtı Bakı ilə sərginin minlərlə iştirakçısının əlaqəsinə şərait yaradır.
Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. “Milan Expo-2015” başa çatdıqdan sonra Azərbaycan pavilyonunun sökülərək yenidən Bakıda qurulması və ziyarətçilərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycan milli pavilyonunun konsepsiyası barədə məlumat verilib.
Pavilyonda qurulmuş üç biosfer ətraf mühitini və qədim mədəniyyətini daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirir. Pavilyonun dalğavarı taxta divarları Azərbaycana xas olan küləyin, həmişə burada dövr edən mədəni və yaradıcı axının rəmzidir. “Mədəniyyətlərin kəsişməsi” biosferi ziyarətçiləri ölkənin ən mühüm tarixi və mədəni məkanlarına səyahətə aparır. İkinci biosfer - “Biomüxtəliflik” ölkənin təbii biomüxtəlifliyinə və mədəni irsinə həsr olunub. Bu biosferin mərkəzindəki konstruksiya Azərbaycanın zənginlik rəmzi olan nar ağacını təcəssüm etdirir. Növbəti biosfer “İnnovasiya və ənənə” adlanır. Burada kökləri səmaya istiqamətlənmiş ağac fiquru var. Bu, rəmzi olaraq Azərbaycan xalqının ənənəyə sadiqliyini, eyni zamanda, gələcəyə yönələn innovativ ölkə olduğunu göstərir.
Pavilyonun birinci mərtəbəsi “Səslər simfoniyası” adlanır. Burada Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumatlar təqdim olunur. İkinci mərtəbədə - “Rənglər simfoniyası”nda iqlim, landşaft və bioloji müxtəliflik məlumatları çatdırılır. “Dadlar simfoniyası” adlanan üçüncü mərtəbədə milli mətbəx və orqanik qida məhsulları barədə məlumat və nümunələr təqdim edilir. Burada həmçinin “Bakını kəşf et” və “Azərbaycan simaları” bölmələrində fotolar, xəritələr, müxtəlif sahələri təmsil edən azərbaycanlıların portretləri vasitəsilə ölkəmiz və insanlarımızla interaktiv tanış olmaq mümkündür. Pavilyondakı monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir. Pavilyonun dördüncü mərtəbəsində - terrasda restoran fəaliyyət göstərir. Burada milli mətbəx və müxtəlif konsert proqramları təqdim olunur.
“Milan Expo-2015”ə hazırlıq ərəfəsində Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin, nadir landşaftların, təbii ehtiyatların və fərqli bölgələrdə yerləşən tarixi abidələrin foto və video çəkilişləri aparılıb. Bu məqsədlə 2014-cü ilin aprelindən bu ilin fevralınadək Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Yardımlı, Şəmkir, Şəki, Qəbələ, Şabran, Quba, Xızı, Siyəzən, Şirvan, Abşeron və digər şəhər və rayonlara dəfələrlə səfərlər təşkil edilib.
Daha sonra Prezident İlham Əliyev “Milan Expo-2015” beynəlxalq sərgisində dövlət bayraqlarının qaldırılması mərasimində iştirak edib. “Milan Expo-2015” sərgisinin baş direktoru Bruno Antonio Pasquino və Prezident İlham Əliyev mərasimdə çıxış edib. Dövlətimizin başçısı və xanımı sərgidəki İtaliya milli pavilyonu ilə tanış olublar.
“Milan Expo-2015” beynəlxalq sərgisi mayın 1-dən fəaliyyət göstərir. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur. Digər ölkələr isə sərgidə yalnız stendlərlə iştirak edir. Sərgi oktyabrın 31-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar