Azərbaycan milli mətbuatı - 140

İyulun 8-də Qəbələ şəhərində “Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda regional konfrans keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurası və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən konfransda Bakıda və bölgələrdə fəaliyyət göstərən 20-dən çox qəzetin redaktorları, ətraf rayonların icra hakimiyyətlərinin məsul əməkdaşları iştirak ediblər.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.
“Qafqaz Resorte” hotelində keçirilən regional konfransı Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev açaraq, “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və cəmi 56 nömrəsi çıxan “Əkinçi” dövrün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı və carçısı olub.
Ölkəmizdə KİV nümayəndələrinə göstərilən dövlət qayğısından, son illər medianın inkişafı istiqamətində görülən işlərdən bəhs edən Ərəstun Mehdiyev milli mətbuatın yubileylərinin keçirilməsini ölkə rəhbərliyinin jurnalistlərə böyük diqqəti kimi dəyərləndirib. Prezident Administrasiyası rəsmisi xaricdəki bəzi dairələrin ölkəmizə qarşı çirkin kampaniya aparmasına da toxunaraq, birinci Avropa Oyunları keçirilən zaman Azərbaycan mətbuatının həm bu hücumlara tutarlı cavab verdiyini, həm də Oyunları yüksək səviyyədə işıqlandırdığını vurğulayıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda jurnalistlərə yaradılan şəraitdən danışıb.
Bildirib ki, dünyanın heç bir yerində mətbuat işçiləri dövlət tərəfindən evlə təmin edilmir. Azərbaycanda isə 2013-cü ildə jurnalistlər üçün bina inşa edilib. Gələn il jurnalistlər yeni tikilən binada da mənzillər alacaqlar. V.Səfərli rəhbərlik etdiyi Fond tərəfindən müsabiqələrin keçirilməsini, jurnalistlərin mükafatlandırılmasını dövlətin bu sahəyə olan qayğısı kimi qiymətləndirib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Azərbaycan mediasının inkişafı sahəsində görülən işlərdən bəhs edərək, mətbuatda olan mənfi halların qarşısının alınması üçün şura tərəfindən ciddi işlər görüldüyünü və bunun müsbət nəticələr verdiyini diqqətə çatdırıb.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, rayonların icra hakimiyyətləri başçılarının müavinləri, yerli qəzetlərin redaktorları milli mətbuatımızın keçdiyi tarixi yola nəzər salaraq müasir jurnalistikanın, region mətbuatının qarşısında duran vəzifələrdən danışıblar.
Xatırladaq ki, Azərbaycan milli mətbuatının 140 illiyi ilə bağlı regional konfranslar bundan öncə Zərdabda və Gəncədə keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar