Ölkəmizdə keçirilən I Avropa Oyunları xalqımızın tarixi, mədəniyyəti və adət-ənənələrinin təbliği baxımından əhəmiyyətli bir hadisə kimi yaddaşlara yazıldı. Oyunlarla bağlı ölkəmizə gələn əcnəbi vətəndaşlar paytaxt Bakının görməli yerlərinə, muzey və sərgi salonlarına baş çəkdilər, zəngin irsi, dahi sənətkarları, tarixi tolerantlıq ənənələri ilə seçilən Azərbaycanı yaxından tanımış oldular.

Bu tanışlığın ən qısa yollarından biri də Bakıdakı muzeylərdən keçirdi.
Avropa Oyunları zamanı xarici qonaqların üz tutduğu belə məkanlardan biri də Azərbaycan Xalça Muzeyi idi. Azərbaycan xalçaları, maddi-mədəni irsimiz, qədim adət-ənənələrimiz, xalqımızın məişəti, fəlsəfəsi, dünyagörüşü muzeyə gələnlərdə böyük maraq oyadıb. Muzeydən qəzetimizə verilən məlumatda bildirilir ki, mədəniyyət ocağı əvvəlki günlərə nisbətən I Avropa Oyunları zamanı üç dəfə çox ziyarətçi qəbul edib.
Muzeyin birinci mərtəbəsində nümayiş olunan xalçaların toxunması qaydaları turistlərin xüsusilə marağına səbəb olub. Qonaqların bir çoxu burada milli geyimlərimizlə xatirə şəkilləri çəkdiriblər. Turistlərin muzeylə rahat tanışlığı üçün dörd dildə audio bələdçilər də hazırlanıb. Audio bələdçilər vasitəsilə xarici vətəndaşlara muzeydəki eksponatlar barəsində ətraflı məlumat verilib.
Qeyd edək ki, I Avropa Oyunları zamanı “Atletlər kəndin”dəki Mədəniyyət və Turizm Mərkəzində Azərbaycan Xalça Muzeyinin “Azərbaycan el sənəti” sərgisi də təşkil edilib. Sərgidə muzeyin kolleksiyasından olan xalça, xalça məmulatları, bədii metal, eyni zamanda zərgərlik, tikmə, milli geyim nümunələrini əks etdirən fotoşəkillər nümayiş olunub.
I Avropa Oyunları zamanı turistlər Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasına da böyük maraq göstəriblər. Muzeyin innovasiya və xarici əlaqələr şöbəsinin müdiri Əminə Məlikova bildirdi ki, Avropa Oyunları zamanı yerli və əcnəbi ziyarətçi sayında xeyli artım olub: “Ölkəmizdə keçirilən böyük idman tədbiri zamanı muzeyimiz saat 22:00-dək fəaliyyət göstərirdi. Bu da qonaqların muzeyi rahat şəkildə ziyarət etməsinə şərait yaradırdı. Bizdə hər zaman rus, ingilis və Azərbaycan dilində bələdçilər var. Onlar qonaqları muzeylə tanış etdilər. Qonaqlara xüsusi kitabçalar da paylanılırdı”.
Həmsöhbətim onu da bildirdi ki, I Avropa Oyunları ilə əlaqədar Milli İncəsənət Muzeyində “İdman və incəsənət” və “Rus avanqardı - XX əsr incəsənətinin fenomeni” adlı sərgi təşkil olunub. “İdman və incəsənət” sərgisində müxtəlif dövrlərə aid olan Azərbaycan rəssamlarının bu mövzuda əsərləri nümayiş olundu. Xalidə Səfərovanın “Velosiped yarışı”, “Yaxtalar”, Ələkbər Rzaquliyevin “Güləş”, Toğrul Nərimanbəyovun “Zavod stadionu”, rus rəssamları Aleksandr Denyekanın “Gənclik”, Fyodr Antonovun “Stadion” kimi əsərləri ekspozisiyaya daxil edilmişdi. “Rus avanqardı XX əsr incəsənətinin fenomeni” adlı sərgidə isə 40-a yaxın boyakarlıq və qrafika əsərləri nümayiş etdirilib. Bu sərgilər muzeyimizə olan marağı bir qədər də artırmış oldu”.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar