Xəbər verdiyimiz kimi, iyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günlərinin açılışı olub.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.


Fransanın şərqində lacivərd sahil boyunca bənzərsiz koloriti ilə turistləri cəlb edən festivallar şəhəri artıq üçüncü ildir ki, Azərbaycan mədəniyyətinin nümayişinə ev sahibliyi edir. İyulun 31-dək davam edəcək tədbirlər çərçivəsində Azərbaycanın milli, klassik və caz musiqisi, ənənə və müasirliyini yaşadan incəsənətinin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.
Tədbirin aparıcısı ölkəmiz haqqında məlumat verib, Azərbaycan-Fransa əlaqələri, bu münasibətlərin inkişafına ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun töhfələri barədə danışıb. Vurğulanıb ki, Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti Fransada böyük maraqla qarşılanır.

Fransa-Azərbaycan münasibətləri dostluq və qarşılıqlı hörmət əsasında qurulub

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlametlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva çıxış edib.
Azərbaycan gecəsinin əlamətdar bir gündə - 14 iyul Fransanın Milli Bayramı günündə keçirildiyini qeyd edən Mehriban Əliyeva bayram münasibətilə bütün fransız xalqını təbrik edib. “Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər sahələrdə sürətlə inkişaf edir”, - deyən Mehriban xanım bu baxımdan regionlararası münasibətlərin əhəmiyyətindən bəhs edib, son bir neçə il ərzində Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişinin imzalandığını diqqətə çatdırıb.
Ötən ay Azərbaycanda ilk Avropa Oyunlarının böyük uğurla keçirildiyini qeyd edən “Bakı-2015” Təşkilat Komitəsinin sədri xarici ölkələrdə bu Oyunların təqdimatının ötən il ilk dəfə məhz Kann şəhərində baş tutduğunu xatırladıb. O, Azərbaycanın yığma komandasının ümumi nəticələrə görə 21-i qızıl olmaqla 56 medal qazanaraq ikinci yeri tutduğunu böyük qürur hissi ilə qeyd edib, dost Fransanın 43 medalla 5-ci yeri tutduğunu vurğulayıb, fransız idmançılarını bu qələbə münasibətilə təbrik edib.
Mehriban Əliyeva onu da vurğulayıb ki, Azərbaycan 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarını keçirəcək. Bu da ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfə olacaq.
Kann şəhərinin meri David Lisnar Azərbaycan-Fransa əlaqələrinin inkişafından danışıb, bütün sahələrdə, o cümlədən mədəniyyət sferasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. O, ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman və mədəniyyət sahəsində də davamlı inkişafından danışaraq bildirib ki, bu amil Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verir. “Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır”, - deyən David Lisnar yaxın rəsmi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmək niyyətində olduğunu diqqətə çatdırıb.
Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib. Festivalda ilk çıxış edən ölkə Azərbaycan olduğundan Fransanın və Azərbaycanın dövlət himnləri səslənib. “Bakı Atəşfəşanlıq Qrupu” ənənəvi “Pirotexnika sənəti” festivalının açılışını edib. 25 dəqiqəlik atəşfəşanlıq şousu Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Müslüm Maqomayev və Ələkbər Tağıyevin ölməz əsərləri və muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunub.

“Azərbaycan xalçaları incəsənətdə” sərgisi

İyulun 15-də Kann şəhərinin Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub. Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barəsində ziyarətçilərə ətraflı məlumat verir. Burada Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri-xalça eskizləri əsasında milli xalça motivlərinin dayandığı modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim edilir.
Gənc rəssam Elçin Vəliyevin sərgidə 7 əsəri nümayiş olunur. "Azərbaycan xalçaları incəsənətdə" sərgisi üçün hazırlanan bu əsərlər öz orijinallığı ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını xalça motivləri təşkil edən bu əsərlər 3D effekti ilə ziyarətçilərdə canlı təəssürat yaradır. Bu, rəssamın ilk sərgisidir.
Sərgidə Xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə yaratdığı xalça eskizləri nümayiş olunur. Təqdim olunan 15 əsər ilk dəfədir nümayiş etdirilir. Bunlar məhz Lətif Kərimovun özünün müəllifi olduğu ornamentlərin eskizləridir.
Ekspozisiyada tanınmış rəssam Butunay Haqverdiyevin xalça instalyasiyası nümayiş olunur. İlk dəfə təqdim edilən bu əsər Azərbaycan xalça ornamentlərini canlandırır. Taxtadan hazırlanan instalyasiya 3D effekti ilə seçilir. Əsər Lətif Kərimovun eskizləri ilə yanaşı təqdim olunmaqla, milli xalça sənətinin tarixi, inkişafı və modern rəssamlıqda tətbiqini nümayiş etdirir.
Həmçinin XV-XVI əsrlərdə dünya rəssamlarının əsərlərində yer almış xalça motivlərinin əks olunduğu video instalyasiya nümayiş olunur. Video instalyasiya Azərbaycan xalça sənətinin nadirliyini və dünyada məşhur olmasını, görkəmli rəssamların Azərbaycan milli xalça ornamentlərinə verdikləri dəyərdən bəhs edir.
Tanınmış rəssam Vüqar Muradovun sərgidə 7 əsəri yer alıb. Rəssam bu əsərləri Kann sərgisi üçün hazırlayıb. Portret, mənzərə janrında olan və yağlı boya ilə işlənmiş əsərlər milli xalça ornamentlərini özünəməxsus şəkildə təqdim edir.
Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsin reprezentativ siyahısına salınıb. Milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsində Heydər Əliyev Fondu da mühüm işlər görür. Fond tərəfindən 2011-ci ildə “Azərbaycan xalçaları” kolleksiyasının nəşri, Azərbaycan xalçaçılıq sənətinin dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələr görülən işlərin tərkib hissəsidir.
Kannda “Azərbaycan xalçaları incəsənətdə” sərgisi iyulun 31-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan mədəniyyəti günləri çərçivəsində Kannın məşhur Kruazett bulvarında “Bakı-2015” birinci Avropa Oyunlarının simvolları olan Nar və Ceyran heykəlləri də sərgilənir. Səkkiz heykəl Azərbaycan və digər ölkələrin rəssamları tərəfindən müxtəlif ornamentlərlə rənglənmiş əsərlərdir. Bu əsərlər Kann şəhər sakinləri və buraya gələn qonaqlarda çox böyük maraq doğurur.