Milli Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi münasibətilə sərgi açılıb
Avqustun 17-də Milli Kitabxanada Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş kitab sərgisi açılıb.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli şairin yubileyinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına müvafiq olaraq bütün mədəniyyət idarələrində, təhsil ocaqlarında qeyd olunduğunu diqqətə çatdırıb. Direktor Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə kitabxananın əməkdaşları tərəfindən hazırlanmış biblioqrafiyanın bu yaxınlarda çap olunacağını bildirib.
Bəxtiyar Vahabzadə yaradıcılığında Cənubi Azərbaycan, Qarabağ, vətənpərvərlik mövzusunun xüsusi yer tutduğunu vurğulayan K.Tahirov qeyd edib ki, şair 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini, rus və fars imperiyalarının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal mübarizəsini dilə gətirib.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair, tərcüməçi Vaqif Bəhmənli unudulmaz ədibin gənc şairlərə xüsusi qayğı göstərməsindən danışıb.
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi çıxışında Bəxtiyar Vahabzadə və Şərq ədəbiyyatı mövzusunda fikirlərini bölüşüb.
Sonda tədbir iştirakçıları şairin yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış olublar.