Avqustun 14-də Bakıdakı II Fəxri xiyabanda məşhur cərrah və ədib, azərbaycanşünas alim Cavad Heyətin qəbirüstü abidəsinin açılışı və xatirəsini anma mərasimi keçirilib. Tədbirdə mərhumun ailə üzvləri, İranın Azərbaycandakı səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Cavad Heyətin görkəmli həkim, publisist və ədəbiyyatşünas kimi ömür yolundan söz açıb, onun Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü olduğunu diqqətə çatdırıb. Bildirib ki, tibb sahəsində qazandığı nailiyyətlər C.Heyətə böyük şöhrət gətirib. Doktor C.Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək dəyərləndirilib.
Qeyd olunub ki, C.Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanıb. C.Heyət eyni zamanda Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr verib.