Mədəniyyət və Turizm Nazirliyində Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater ilə görüşlər keçirilib.
Əvvəlcə qonağı nazir Əbülfəs Qarayev qəbul edib. Görüşdə mədəniyyət sahəsində bir çox istiqamətlərə dair əməkdaşlıq imkanları müzakirə olunub. Diplomat səfirlik tərəfindən bu ilin 16 aprel tarixində Bakıdakı Müasir İncəsənət Muzeyində dünya şöhrətli Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin anma mərasiminin keçirildiyini diqqətə çatdırıb.
Həmçinin səfirlik tərəfindən kolumbiyalı şairlərin əsərlərinin Azərbaycan dilinə tərcümə edildiyi bildirilib. Nazir tərcümə edilən əsərlər nəşr olunandan sonra Azərbaycan Milli Kitabxanasında təqdimat mərasiminin keçirilməsini təklif edib.
Əbülfəs Qarayev həmçinin ölkələrimiz arasında kinofilmlərin mübadiləsi təklifini irəli sürüb. Təklifə müvafiq olaraq ispan dilinə dublyaj olunmuş 10 Azərbaycan filminin Kolumbiyada göstərilməsi və Azərbaycan dilinə dublyaj olunmuş 10 Kolumbiya filminin Azərbaycanda göstərilməsi müzakirə olunub.
Cari ilin 12-17 sentyabr tarixlərində Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci sessiyasında ölkəmizin təmsil olunacağı da diqqətə çatdırılıb. Bildirilib ki, sessiyada nazir müavini Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.
Daha sonra Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla da görüşüb. Söhbət zamanı turizm sahəsində əməkdaşlıq imkanlarının inkişafı və BMÜTT-nin Baş Assambleyasının 21-ci sessiyasında əməkdaşlığın gücləndirilməsi məqsədilə müvafiq görüşlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.