Müsabiqənin qalibləri mükafatlandırıldı
Sentyabrın 11-də Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi "Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı" adlı məqalə-ideya müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
Müsabiqə "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi tədqiqi və təşviqi, habelə respublikamızın elmi ictimaiyyətinin bu sahəyə diqqətinin artırılması, mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi məfhumların ölkəmizdə aparılan elmi araşdırmaların tədqiqat mövzusuna çevrilməsi, ekspert rəylərinin toplanması məqsədi daşıyır.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açdı. Bildirdi ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyada özünün tolerantlığı və mədəniyyətlərarası dialoqun inkişafında göstərdiyi xidmətləri ilə tanınır.
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, "Bakı prosesi" dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət, anlayışlı əməkdaşlıq üzərində dialoqu təşviq edən qlobal, xoşməramlı missiyaya və platformaya çevrilib. Bu sahədə görülən işlər, habelə ölkə rəhbərliyinin bilavasitə diqqəti və qayğısı nəticəsində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliği dövlət siyasətinin əsas tərkib hissələrindən biri səviyyəsinə yüksəlib. Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması, dövlət-din münasibətləri, yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur.
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinin sözçüsü və Aparat rəhbəri Nihal Saad, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin müşaviri Jan Kristof Ba çıxış edərək Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun inkişafında oynadığı xüsusi roldan geniş danışdılar. Bildirildi ki, mədəniyyətlərarası dialoqa göstərilən bu cür müsbət münasibət bir çox ölkələr üçün nümunə ola bilər.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Asif Yusubəliyev qeyd etdi ki, bu tədbirin məhz 11 sentyabr tarixində keçirilməsi rəmzi məna daşıyır və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında tutduğu mövqeyinin bir mesajı kimi qəbul edilməlidir.
Sonra "Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı" adlı məqalə-ideya müsabiqəsinin qalibləri mükafatlandırıldı. Qeyd edək ki, müsabiqə 3 kateqoriyada (alimlər, tələbələr və kollektiv araşdırmalar) keçirilib.
"Alim və tədqiqatçılar" nominasiyasında birinci yerə Yusif Ağayev, ikinci yerə Niyaz Niftiyev, üçüncü yerə Əlimusa İbrahimov, həvəsləndirici mükafata Mehti Mükərrəm layiq görülüb.
"Tələbələr" nominasiyasında I yeri Samirə Dadaşova, II yeri Nərmin Əsgərova, III yeri Yusif Ağayev qazanıb. Fərid Abdullayevə həvəsləndirici mükafat təqdim olundu.
"Kollektiv yazılar" nominasiyasında isə Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrası birinci, psixologiya üzrə elmlər doktoru Ramiz Əliyev və psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlı ikinci olub.
Qaliblərə diplom və pul mükafatları təqdim edildi.
Fariz Hüseynov