Mədəniyyət və Turizm Nazirliyinin ilin əvvəlindən icrasına başlanan “Bölgələrdən paytaxta” layihəsi davam edir. Layihə çərçivəsində bu günədək Masallı, Qəbələ, Quba, İsmayıllı, Gədəbəy rayonlarının və Şəki şəhərinin Bakıda təqdimatı gerçəkləşib.
Sentyabrın 21-də Akademik Milli Dram Teatrında keçirilən təqdimatın ünvanı Şəmkir rayonu idi. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirin iştirakçıları öncə teatrın qarşısında və foyedə qurulmuş stendlərdə rayonun tarixini, mədəni irsini, sosial-iqtisadi inkişafını, turizm imkanlarını əks etdirən sərgi ilə tanış oldular. Stendlərdə rayonda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, rayon haqqında kitablar, rəsm əsərləri də sərgilənirdi.
Sonra teatrın tamaşa zalında təqdimat mərasimi keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, son illər ölkəmizdə mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bölgələrdə yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülür.
Nazir vurğuladı ki, bugünkü tədbir “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində təşkil edilən yeddinci təqdimatdır: “Hər dəfə yeni bölgəmizin Bakıda təqdimatını keçirəndə ölkəmizin nə qədər zənginliyə və müxtəlifliyə malik olduğunu əyani görürük. Şəmkir rayonu da Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və milli mənəvi dəyərlərin qorunub inkişaf etdirildiyi bölgələrindən biridir”.
Əbülfəs Qarayev rayonun böyük turizm potensialının olduğunu və bu sahənin inkişafı üçün addımlar atıldığını qeyd etdi: “Şəmkir öz füsunkar təbiəti, tarixi abidələri ilə insanı cəlb edir. Ölkəmizin bütün bölgələri kimi, bu rayonun da böyük turizm potensialı var. Əhalinin qonaqpərvərliyi, milli adət-ənənələrin qorunub saxlanılması, milli mətbəxi də turizmin inkişafına öz müsbət təsirini göstərir”.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları rayon ictimaiyyəti adından salamladı. Şəmkirin sosial-iqtisadi inkişafı üçün Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlardan söz açan icra başçısı bildirdi ki, bölgənin inkişafı istiqamətində əhəmiyyətli proqramlar, yeni layihələr icra olunur. Rayonda turizmin inkişafı üçün əlverişli şərait var. Belə təqdimatlar regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada təbliğ və nümayiş etdirməyə imkan verir.
Sonra Mədəniyyət və Turizm Nazirliyi və rayon İcra Hakimiyyəti adından qarşılıqlı hədiyyələr təqdim olundu.
Şəmkirin müasir inkişafını, mədəni və tarixi zənginliyini əks etdirən “Hər daşı sevgi nəğməsi oxuyan şəhər” adlı videoçarx nümayiş olundu.
Mərasim rayonun incəsənət ustalarının konsert proqramı ilə davam etdi. “Şəms” vokal instrumental ansamblının ifasında “Şəmkir”, Şəmkir aşıqları - Əhliman Allahverdiyev, İlqar Xudiyev, Elbrus Hüseynov və “Oksford” məktəbinin rəqs ansamblının çıxışları maraqla qarşılandı. Müğənnilərdən Urfan Cəfərov “Azərbaycan”, Cavanşir Bayramov “Sarı gəlin”, Sərkər Əliyev “Ruhani”, Xəyal Qasımov “Gülüm” mahnılarını ifa etdilər.
Fariz