Aleksey Pimanov: “Kino sahəsində tədbirlər mədəni əməkdaşlığa müsbət təsir göstərir”
Oktyabrın 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tanınmış rusiyalı telejurnalist, “İnsan və qanun” verilişinin (1-ci kanal) müəllifi, rejissor, prodüser Aleksey Pimanovu qəbul edib. Qonaq Rusiya kinosu həftəsi çərçivəsində ölkəmizə səfərə gəlib.
Görüşdə nazir Azərbaycanda kinematoqrafiya ilə bağlı görülən işlər barədə söz açıb, son illərdə bu sahədə mühüm inkişafın olduğunu, filmlərimizin xaricdə müxtəlif festivallarda nümayiş etdirildiyini bildirib. Qeyd olunub ki, bu müddət ərzində kino sahəsinə maraq artıb, ekran əsərləri əvvəlki illərə nisbətən daha geniş auditoriya qazanıb. Azərbaycanda bədii film, serial, sənədli filmlər çəkilməkdədir.
Söhbət zamanı Azərbaycanda Rusiya filmləri həftəsinin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu layihənin əsas məqsədi iki ölkə arasında kino sahəsində əlaqələrin inkişaf etdirilməsidir.
Rusiyalı qonaq öz növbəsində Azərbaycanda olmasından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, bu cür mədəni tədbirlərin təşkili iki ölkə arasında mədəni əməkdaşlığa müsbət təsir göstərir.
Qeyd edək ki, oktyabrın 1-dən Nizami Kino Mərkəzində keçirilən Rusiya filmləri həftəsinin proqramına Aleksey Pimanovun “Quzum Dolli kinli idi, tez öldü” filmi də daxildir. Film oktyabrın 3-də tamaşaçılara təqdim edilib. Nümayişdən əvvəl rejissor çıxış edərək film barədə fikirlərini bölüşüb. Bildirib ki, kriminal komediya və macəra janrında olan bu filmə 1980-ci illərin kinayəli nostaljisi hopub. Komsomol diskotekaları, qazlı su avtomatları, elmi kommunizmdən verilən imtahanlar, gitara sədaları altında oxunan düşərgə mahnıları, kolbasa almaq üçün növbələr... Keçmişin şirin xatirəsinin təsviri filmin ən yaxşı səhnələrindəndir.