Azərbaycanın 8 məşhur rəssamının əsərləri 10 gün ərzində “Ədəbiyyat paytaxtı”nda nümayiş olunacaq
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi “Paytaxtdan bölgələrə” adlı yeni layihənin icrasına başlayır. Layihənin əsas məqsədi bölgələrdə yaşayan insanları müasir mədəni proseslərə cəlb etmək, bölgələrdə paytaxtın aparıcı muzey və qalereyalarında qorunub saxlanılan sənət incilərinin nümayişini, görkəmli sənətkarların və kollektivlərin çıxışlarını təşkil etməkdir.
Layihə çərçivəsində ilk tədbir oktyabrın 29-da 2015-ci ildə “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan edilmiş Şamaxı şəhərində keçirildi. Rayon Mədəniyyət sarayında “Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri” adlı sərgi təqdim olundu.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, son illər bölgələrimizin mədəni mühitini yeni ideyalarla canlandırmaq üçün çoxsaylı respublika, beynəlxalq səviyyəli festivallar keçirilir, ayrı-ayrı şəhər və rayonlar müxtəlif meyarlara görə mədəniyyət paytaxtları seçilir. Artıq bir neçə aydır ki, Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi həyata keçirilir. Yeni layihə isə paytaxtımızdakı mədəniyyət və incəsənət irsini bölgələrdə təqdim etmək məqsədi daşıyır.
Sərginin əhəmiyyətinə toxunan nazir “Paytaxtdan bölgələrə” layihəsinin də davamlı olaraq ölkəmizin müxtəlif regionlarında keçiriləcəyini vurğuladı: “Bu gün yeni bir layihəyə başlayırıq. Bu tip sərgini ilk dəfə Xızı rayonunda təşkil etmişik. Amma ilk dəfə olaraq keçirilən “Paytaxtdan bölgələrə” layihəsi çərçivəsində bu tədbirlər davamlı olaraq təşkil olunacaq, regionlarda yaşayan vətəndaşlarımız bu cür sərgilərdə böyük sənət əsərləri ilə tanış olacaqlar”.
Şamaxının 2015-ci ildə “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan edilməsinə diqqət çəkən Əbülfəs Qarayev bildirdi ki, tarix boyu bu şəhər mədəniyyətimizə, ədəbiyyatımıza böyük dühalar bəxş edib: “Şamaxı Azərbaycanın böyük tarixə malik mədəniyyət mərkəzlərindən biridir. Bu şəhərdə nəinki ölkəmizin, o cümlədən Şərqin böyük ədəbiyyat adamları yetişmişdir. Bu torpaqda dünyaya gəlmiş Mirzə Ələkbər Sabirin xatirəsinə həsr olunmuş “Poeziya günləri” artıq neçə illərdir ənənə halını alıb. Bugünkü sərgidə nümayiş olunan əsərlər də Azərbaycan təsviri sənəti və ədəbiyyatının vəhdətinin, bütövlüyünün bir göstəricidir. Xalqımızın mədəni sərvəti olan bu əsərlər 50 ildən artıqdır ki, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. İlk dəfə olaraq həmin əsərlər buraya - “Ədəbiyyat paytaxtı”na gətirilib. Ölkəmizin tanınmış 8 rəssamının 9 əsəri 10 gün müddətində Şamaxı şəhərində nümayiş olunacaq”.
Nazir xalqımızın tarix boyu böyük mədəniyyət nümunələri yaratdığını vurğulayaraq bu mədəniyyətə göz dikən xain qonşularımızın bədnam əməllərindən də bəhs etdi: “Bizim xalqımız böyük mədəniyyətin yaradıcısı və daşıyıcısıdır. Amma bu gün dünyada ölkəmizə qarşı ikili standartlarla yanaşılır. Bu gün Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının ildönümüdür. Bu işğal nəticəsində tarixi-mədəni abidələrimiz talan edilib, mədəniyyət, təhsil ocaqlarımız dağıdılıb. Bədnam qonşularımız tərəfindən həyata keçirilən işğalçılıq və talan prosesi bu gün də davam edir. Amma bunu hər kəs bilməlidir ki, gec, ya tez biz öz torpaqlarımızı azad edəcəyik, belə sərgiləri də o torpaqlarda keçirəcəyik”.
Qeyd olundu ki, ölkə mədəniyyətinin qorunması və təbliği, mədəni irsimiz haqqında daha dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılması hər bir vətəndaşın borcudur.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək qədim tarixi irsə malik şəhərin bu il “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan edilməsi və “Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri” sərgisinin keçirilməsinin böyük mədəniyyət hadisəsi olduğunu vurğuladı. Bildirdi ki, son illər ölkəmizdə həyata keçirilən tikinti-quruculuq işləri ilə yanaşı mədəniyyət sahəsində də böyük işlər görülür.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirdilər. Belə sərginin böyük ədiblər yetişdirmiş Şamaxı şəhərində keçirilməsinin təqdirəlayiq olduğu vurğulandı.
Sonra iştirakçılar sərgi ilə tanış oldular.
Sərgidə görkəmli rəssamlar Səttar Bəhlulzadə, Tahir Salahov, Nəcəfqulu, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Qəzənfər Xalıqov və Sadıq Şərifzadə tərəfindən fırçaya alınmış xalqımızın dahi şair və yazıçıları Nizami, Xaqani, Füzuli, Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli, Mirzə Şəfi, Natəvan, Mirzə Ələkbər Sabirin portretləri nümayiş olunur.
Fariz Hüseynov