Məktəblərarası illüstrasiyalı kitab müsabiqəsinə yekun vurulub

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kütləvi işlər və incəsənət şöbəsi 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə “Bayrağımın rəngləri gözümüzə nur verir” məktəblərarası illüstrasiyalı kitab müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Əvvəlcə tədbir iştirakçıları kitabxananın oxu zalında təşkil olunmuş müsabiqə iştirakçılarının əl işləri və Dövlət Bayrağı Gününə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.
Kitabxananın direktor müavini Zahirə Dadaşova Dövlət Bayrağı Günü ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan bayrağı xalqımızın müstəqilliyinin və istiqlalının rəmzidir, dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqəsidir. Bayrağı yenilməz edən millətin övladlarıdır.
Tədbir iştirakçıları Bayraq Gününə həsr olunmuş filmə baxıblar. XXI Əsr Məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış edib, Bakı Modern Məktəbinin və Nəsimi rayonundakı 164 nömrəli orta məktəbin şagirdləri bayrağa həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.
Sonra “İllüstrasiyalı kitab” müsabiqəsi qaliblərinin adları açıqlanıb. Birinci yerə “düzgün kitab” nominasiyasına görə Səbail rayonu 7 nömrəli orta məktəb, ikinci yerə “ən yaxşı əl işi” nominasiyasına görə Bakı Modern Məktəbi, üçüncü yerə “əlyazma kitab” nominasiyasına görə Nərimanov rayonu 212 nömrəli məktəb, dördüncü yerə isə “oxucu seçimi” nominasiyası üzrə Yasamal rayonu 53 nömrəli məktəb layiq görülüb. Qaliblər diplom və hədiyyələrlə təltif olunub.
Tədbirdə iştirak edən bütün oxuculara kitabxananın “Göy qurşağı” uşaq jurnalı və kitablar hədiyyə edilib.