Jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin "Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə" mövzusunda keçirdiyi müsabiqəyə yekun vurulub.
"Azər-İlmə" Xalçaçılıq Mərkəzinin direktoru, professor Vidadi Muradov tədbiri açaraq birgə müsabiqənin təşkilinə görə Fondun rəhbərliyinə, habelə müsabiqədə fəal iştirak etmiş jurnalistlərə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan xalçaçılığına sevgi və qayğısı bu sahənin tarixi ənənələrinin qorunub saxlanılmasına və inkişafına zəmin yaradır. Milli xalçaçılıq məktəbləri ənənələrinin bərpası, gənc nəsillərə öyrədilməsi, yaşadılması istiqamətində aparılan işlər ictimaiyyət tərəfindən rəğbət və minnətdarlıq hissi ilə qarşılanır. Bu sahədə nailiyyətlərin cəmiyyətə dolğun və hərtərəfli şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələr düşür. İki aydan artıq davam edən müsabiqə ilə bağlı media vasitələrində dərc edilən bütün yazıları oxuduğunu deyən Vidadi Muradov medianın müsabiqəyə böyük maraq göstərməsini təqdir edib. O, maraqlı yazılarla yanaşı, qeyri-peşəkar, son dövrün tədqiqatlarını əks etdirməyən yazıların da olduğunu vurğulayaraq jurnalistləri bu həssas mövzuya daha diqqətlə yanaşmağa, araşdırma və tədqiqatlara geniş yer verməyə çağırıb.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Azərbaycan mədəniyyətinin qədim sahələrindən olan xalçaçılıq sənəti son illər özünün intibah dövrünü yaşayır. "Azər-İlmə" Xalçaçılıq Mərkəzi ilə birgə təşkil olunan müsabiqənin məqsədi də Azərbaycan xalçaçılığının tarixi ənənələrinin, nailiyyətlərinin və inkişaf perspektivlərinin ictimaiyyətə dolğun şəkildə çatdırılmasında jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Avqustun 1-dən oktyabrın 15-dək davam edən müsabiqəyə 29 kütləvi informasiya vasitəsindən 43 yazı təqdim edilib. Müsabiqənin yekunlarına görə 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib. Mükafatlandırılanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşı Vüqar Əliyev də var.
Təqdimetmə mərasimindən sonra xalçaçılıq sənətinin tədqiqatçıları - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, xalçaçı-rəssam Eldar Mikayılzadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Şirin Bünyadova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevil Sadıxova, Bakı Slavyan Universitetinin müəllimi, "Yol” jurnalının redaktoru, professor Flora Naci belə bir müsabiqənin keçirilməsini yüksək dəyərləndirib, qalibləri təbrik ediblər. "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin rəhbərliyinin bu sahədə fəaliyyətini təqdir edən ekspertlər jurnalistlərə xalçaçılıq sənəti ilə bağlı tədqiqatları davam etdirməyi məsləhət görüblər.