Dekabrın 7-də AMEA-nın əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklor və dövlətçilik” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. Bildirib ki, konfrans türk dövlət etiketləri, mərasim və bayramlarının folklor materialları əsasında tədqiqi məsələlərinə həsr olunub.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov qeyd edib ki, dövlətçilik həmişə kütləvilik ruhundan, folklordan qaynaqlanıb: “Oğuz, sak, göytürklər, qıpçaq, karluq və s. mərhələsinə baxsaq görərik ki, türk xalqlarının dövlət strukturunda dövlət başçısı səviyyəsində həmişə bir epos düşüncə mədəniyyəti olub”.
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu vurğulayıb ki, dövlət dörd şərtlə müəyyənləşir: xalq, vətən, hakimiyyət və ordu. Xalq anlayışı əcdad, ata-baba, ailə, ocaq kultuyla birbaşa bağlıdır.
Filologiya üzrə elmlər doktoru Füzuli Bayat “Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları” adlı məruzəsində dövlətçilik ənənəsi və idarəetmənin müəyyən mənada rituallarla bağlı bir mədəniyyət hadisəsi olduğunu bildirib.
Filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy “Türklərdə əcdad kultu və əcdad bayramı” adlı məruzə ilə çıxış edib. Vurğulayıb ki, “əcdad kultu” termini iki mühüm anlayışdan təşkil olunur: əcdad və kult. Burada “əcdad” nəsli, kökü bildirən obyekti, “kult” isə həmin obyekt ətrafında qurulan pərəstiş sistemini əhatə edir.
Konfransda filologiya üzrə fəlsəfə doktorları Əfzələddin Əskər, Sərxan Xavəri və Ağaverdi Xəlilin “Türk dövlətçilik ənənəsində bayraqlar və bayraq qurbanı mərasimi”, “Azərbaycan milli mədəniyyət sistemində folklor və dövlətçilik” və “Türk xalqlarının mərasim folkloru və dövlətçilik” mövzularında çıxışları dinlənilib.

S.Soltanlı