Görkəmli teatr fədaisi Cahangir Zeynalovun 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Onu Azərbaycan milli teatrının mesenatı, aktyor məktəbinin formalaşmasında müstəsna xidməti olan insan kimi xatırlayır və səhnə sənətimizin təşəkkülündə özünəməxsus yerini daim minnətdarlıqla vurğulayırlar. Mədəniyyətimizin tərəqqisi yolunda böyük xidmətlərinə rəğmən həyat və yaradıcılığı hələ dərindən öyrənilməyən görkəmli aktyor və teatr xadimi, pedaqoq Cahangir Zeynalovun xatirəsi 150 illik yubileyi münasibətilə teatrşünasların, tədqiqatçıların, sənətsevərlərin araşdırmaları işığında anıldı.
Dekabrın 21-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) “Teatr tarixinin Cahangiri tədqiqat müstəvisində” mövzusunda elmi-praktik konfrans keçirildi.
Mədəniyyət və İncəsənət Universiteti ilə birgə təşkil edilən tədbirdə çıxış edən ATXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemətov görkəmli sənətkarın Azərbaycan teatr tarixində müstəsna xidmətlərindən söz açdı.
Bildirildi ki, C.Zeynalov Bakıda fəaliyyət göstərən aktyor truppaları ilə yaxından əlaqələr qurub, digər xalqların da aktyor kollektivlərinin tamaşalarında iştirak edib. O, həmçinin ayrı-ayrı aktyorların təhsil və digər qayğılarının aradan qaldırılması üçün maddi köməklik göstərib. Bütün bunların kökündə onun milli teatr məktəbimizin formalaşması arzusu dayanırdı. Aktyorluq və rejissorluqla yanaşı, yazıçı kimi də fəaliyyət göstərən C.Zeynalov evində məşqlər, görüşlər keçirib, səhnə əsərlərinin nümayişinə şərait yaradıb, tamaşaların təşkilindən geyim məsələlərinədək ən xırda məsələlərin həllində yaxından iştirak edib.
Azərpaşa Nemətov milli teatrımızın mütərəqqi simalarından olan Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının imzaladığı sərəncamı yüksək qiymətləndirərək sənətkarın zəngin irsinin bundan sonra daha geniş müstəvidə tədqiq olunacağına ümidvar olduğunu bildirdi.
Konfransda sənətkarın yaradıcılığı, teatr və kino tarixində zəngin xidmətlərinə dair məruzələr dinlənildi, maraqlı və keşməkeşli həyat yolu ilə bağlı maraqlı faktlara toxunuldu. Sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə “Azərbaycan teatr mədəniyyətində Cahangir Zeynalovun yeri”, professorlar İlham Rəhimli “Azərbaycan teatr tarixi və Cahangir Zeynalov”, İsrafil İsrafilov “Cahangir Zeynalov: şəxsiyyət və zaman”, Aydın Talıbzadə “Kəblə Cahangirin teatrı”, Rafiq Sadıxov “Cahangir Zeynalov dövrün mətbuatında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov “Azərbaycan teatrının Cahangiri” mövzuları ilə böyük sənətkarın taleyinə və sənətinə işıq saldılar.
Çıxışlarda teatrın təşəkkül və tərəqqisi üçün yorulmadan çalışan, bütünlükdə həyatını səhnəsiz təsəvvür belə etməyən sənət fədaisinin örnək fəaliyyətindən müxtəlif məqamlar diqqətə çatdırıldı.
Qeyd olundu ki, 1885-ci ildən səhnəyə çıxmağa başlayan və ilk vaxtlardan sənətsevərlərin diqqətini cəlb edən C.Zeynalov realist aktyor məktəbinin banilərindən biridir. Zəngin oyun üslubu, ampluasız aktyor modeli olan sənətkar komik rollarla yadda qalmasına rəğmən böyük dramatik aktyor potensialına malik olub. Qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirib və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaradıb. “Teatr məktəbdir, aktyor isə müəllimdir” fikrini əsas tutaraq xalqına xidmət edib, daim ziya, mənəvi tərbiyə mənbəyi olan teatrın xalqın mənəvi zənginliyində müstəsna yerini vurğulayıb.
Aktyorun səhnə fəaliyyətinin 25 illiyi münasibətilə “Nicat” cəmiyyəti tərəfindən 1910-cu ildə benefisi keçirilib, bununla bağlı o dövrün mətbu orqanlarında xeyli sayda məqalə, təbrik xarakterli məlumatlar dərc olunub.
Azərbaycan teatr tarixində ilkləri ilə də xatırlanan C.Zeynalovun ilk peşəkar aktyor, həm də yaşadığı evdə ilk teatr yaradan insan olması xüsusi vurğulandı, məhz onun təşəbbüsü ilə milli parodiya teatrının yaradıldığı da qeyd edildi. Bildirildi ki, C.Zeynalovun həyat və yaradıcılığı bu gün yetişən teatrşünaslar nəsli üçün zəngin araşdırma mənbəyidir.
Sonda söz baba Cahangirin davamçısına - tanınmış aktyor və rejissor, Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzova verildi. Kövrək notlu çıxışında babası barədə çox yerdə səslənməyən faktları xatırladan nəvə Cahangir Azərbaycan teatrına verdiyi dəyərin təzahürü olaraq imzaladığı sərəncama görə ölkə başçısına minnətdarlığını bildirdi.
Sərəncama əsasən teatr müəssisələrində tədbirlər keçirildiyini vurğulayan C.Novruzov həm teatr xadimi, həm də nəvə kimi teatrda iz qoyub getmiş bir sənətkarın yubileyinin qeyd olunmasının onu çox sevindirdiyini dedi. Azərbaycan teatrının tərəqqisi üçün əlindən gələni edən babası və onun simasında digər teatr, sənət fədailərinin sevgi ilə anılmasını xalqın mədəniyyətinə olan ehtiramının təzahürü olduğunu dilə gətirdi.
Həmidə