Bilik Fondu “Qübbə yəhudiləri” filminin nümayişini təşkil edib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə yəhudilərin də təhsil aldığı Nəsimi rayonu 46 nömrəli tam orta məktəbdə rejissor Qasım Nağının “Qübbə yəhudiləri” sənədli filmi nümayiş etdirilib. AMEA-nın Folklor İnstitutunun “Folklor” studiyasında ərsəyə gələn sənədli film Azərbaycanda yaşayan yəhudilərin həyat və məişətindən bəhs edir.
Filmin nümayişindən əvvəl məktəbin direktoru Sevinc Budaqova, Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı çıxış edərək ölkəmizdə tarixən müxtəlif etnosların mehriban mühitdə yaşadığını, multikultural mühitin həyat tərzinə çevrildiyini bildiriblər. Rejissor Qasım Nağı filmin ideyasından, çəkiliş prosesindən danışıb.
Filmin nümayişindən sonra yaradıcı qrup, qonaqlar və məktəblilərin iştirakı ilə müzakirələr aparılıb.
Nəsimi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Emin Hüseynov, AMEA-nın Folklor İnstitutunun direktor müavini Abuzər Gülməmmədov, Yəhudi Humanitar Mərkəzinin direktoru Şaul Davıdov, Amerika Yəhudiləri Yardım Təşkilatının sədr müavini Rav Zamir İsayev Azərbaycanda multikultural mühitdən, tolerantlıq ənənələrindən, ölkə ərazisində yaşayan bütün millətlərin və xalqların nümayəndələrinə göstərilən qayğıdan söhbət açıblar.
Qeyd olunub ki, “Qübbə yəhudiləri” sənədli filmi Azərbaycandakı multikultural mühiti dünyaya əyani şəkildə göstərən bir ekran əsəridir və onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə də nümayiş etdirmək lazımdır.