Daima coşub-daşan təbə, qeyri-adi yaddaşa malik olan Xalq şairi Zəlimxan Yaqub haqq dünyasına qovuşdu. Ömrünün son günlərində uzun sürən ağır xəstəlik onun simasını soldurmuş, qəddini əyməyə çalışırdı. Xəstəliklə mübarizə aparan şair hələ yaşamaq, yaratmaq həvəsində idi. Amma ömür vəfa etmədi. Ömrünün son günlərində tufandan çıxmış sakit bir dənizi xatırladan şairə əcəl bir neçə gün də vəfa etsə idi, yanvarın 21-də 66 yaşını qeyd edəcəkdi.

Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm

- deyən Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişdi.
Yanvarın 11-də Təzəpir məscidində Xalq şairi ilə vida mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edirdi.
Vida mərasimində əvvəlcə Qurani-Kərimdən ayələr oxundu. Dövlətimizin başçısı mərhumun ailə üzvlərinə başsağlığı verdi. Zəlimxan Yaqubun ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonra Zəlimxan Yaqubun cənazəsi son mənzilə yola salındı. Xalq şairi birinci Fəxri xiyabanda torpağa tapşırıldı.
Yaxından-uzaqdan gələn insanlar, ictimaiyyət nümayəndələri şairlə vidalaşmaq üçün ardı-arası kəsilmədən Fəxri xiyabana axışırdılar. Zəlimxan Yaqubun qələm dostları, poeziya sevərlər, tanınmış elm və mədəniyyət xadimləri Fəxri xiyabana gələrək görkəmli şairə və gözəl insana son borclarını verirdilər.
Mərasim iştirakçıları bu ağır itkinin doğurduğu kədəri media təmsilçiləri ilə bölüşdülər.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov şairin xatirəsinin ürəklərdə daim yaşayacağını bildirərək dedi: “Zəlimxan Yaqub Azərbaycan poeziyasının çox böyük simalarından biri idi. Sözsüz ki, onun əsərləri gələcək nəsillər üçün də örnək olacaq. O, iki çağırış Milli Məclisin deputatı olub. Deputat kimi də, həqiqətən, ibrətamiz fəaliyyət göstərib. Hərtərəfli insan olan Zəlimxan Yaqub həm söz, saz ustadı, həm də tanınmış ictimai xadim idi”.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Zəlimxan Yaqubun insanlara və insanların ona olan sevgisindən söz açdı: “Onun yaradıcılığı dağ çayları qədər iti, qaynar bulaqlar qədər təmiz və saf idi. Onun parlaq çıxışları cəmiyyətin saflaşmasına, müstəqilliyimizin qorunmasına yönəlmişdi. Zəlimxan Yaqub dahi şəxsiyyət Heydər Əliyevə həsr etdiyi poemada ulu öndərinin böyük xidmətlərini özünün yaradıcılıq məharəti, ürəyinin istisi ilə vəsf etmişdi. Amansız ölüm Zəlimxan Yaqubu aramızdan aparsa da, onun xatirəsi həmişə qəlblərdə yaşayacaq, şeirləri dillərdə gəzəcək”.
Akademik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov: “Zəlimxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustalarından idi. Amma millətin yaddaşında, ədəbiyyat aləmində həmişəlik qalmaq üçün yalnız böyük söz qabiliyyətinə malik olmaq azdır. Zəlimxan Yaqub Vətənini, xalqını sevirdi. Dövlətinə sadiq insan idi və bütün bunları yaradıcılığında əks etdirirdi. Şair ölümün yaxınlaşdığını duyur, ömrünün bu son parçasında xəstəliklə çarpışırdı. Xəstəliklə mübarizə edən, can ağrıları yaşayan bir insan bəlkə də yaradıcılıq haqqında az düşünərdi. Amma Zəlimxan Yaqub sözün, millətinin və ölkəsinin qarşısında tarixi məsuliyyətini hiss edirdi və son anadək əlindən qələm düşmədi. Onun yurd, xalq sevgisindən yoğurulmuş şeirləri Azərbaycan insanı ilə həmişə bir yerdə olacaq”.
Əməkdar incəsənət xadimi, ustad aşıq Ədalət Nəsibov: “Bu gün Azərbaycan xalqı böyük şair və ictimai xadimlərindən biri ilə vidalaşır. Zəlimxan Yaqub yaradıcılığının son dövrlərində ölümlə bağlı şeirlər yazsa da, həyatsevər insan idi. Bütün ömrünü aşıq sənətinin təbliğinə həsr edib, Azərbaycan Aşıqlar Birliyinin sədri kimi gördüyü işlər hamının yadındadır. Biz bu gün xalqımızın böyük bir şairini, söz ustasını itirdik. Bu, çox böyük itkidir”.
İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazi cənublu aşıq və şairlərin də bu itkini böyük həyəcanla qarşıladıqlarını bildirdi: “Zəlimxan Yaqubun ölümü türk dünyası, hamımız üçün böyük itkidir. Onun dünyasını dəyişdiyini eşidib dəfn mərasimində iştirak etmək üçün Bakıya gəldim. Zəlimxan Yaqubun Təbrizdə, Səlmasda, Ərdəbildə keçirdiyi görüşləri necə unuda bilərik? O, böyük şair, sinədəftər ozan, ürəyi söz məbədi olan yaradıcı insan idi”.
Xalq artisti Canəli Əkbərov: “Söz mədəniyyətimizin parlaq ulduzlarından birini, böyük ziyalımızı, söz sərrafını itirdik. Zəlimxan Yaqub xalqın dəyərli oğlu, xalqımızın sevimli şairi, qüdrətli qələm sahibi idi. Çox iti yaradıcı fəhmi vardı. Mən ikinci şair tanımıram ki, Zəlimxan Yaqub qədər hafizəli olsun. Onun çox zəngin söz dünyasından hər birimizə pay düşür”.
Mərhumun ailəsi adından oğlu Bəhlul Yaqubov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlıq edərək dedi: “Dövlətimizin başçısı İlham Əliyevə və vida mərasiminə toplaşan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu gün Zəlimxan Yaqubun övladı kimi ürəyim fəxarət hissi ilə döyünür. Zəlimxan Yaqub cismən bizdən ayrılıb, mənən həmişə bizimlə olacaq. İnanıram ki, qədirbilən, sözə, şeirə qiymət verməyi bacaran xalqımız onu həmişə qəlbində yaşadacaq”.

F.Hüseynov