Yanvarın 19-da Üzeyir Hacıbəylinin ev-muzeyində Qanlı Yanvar hadisələrinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq 20 Yanvarın kədər və qürur doğuran hiss-həyəcanından danışdı. Bildirdi ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecədə xalqımız sanki sınağa çəkildi. Sovet qoşunlarının Bakıda həyata keçirdiyi vəhşi terror aktı bütövlükdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.
Qeyd olundu ki, azadlığa, müstəqilliyə qovuşmaq üçün xalq çətinliklərə qəhrəmanlıqla sinə gərdi. Babalarımızın ənənələrinə sadiq qalaraq bütün məhrumiyyətlərə mətinliklə dözdü. Qədirbilən xalqımız şəhidlərin xatirəsini görkəmli şairlərin, yazıçı və bəstəkarların əsərlərində yaşatdı.
Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Pəri Mahmudova qeyd etdi ki, Azərbaycan xalqı əsrlər boyu yaşadığı mübarizə ruhunu 20 Yanvarda bir daha nümayiş etdirdi. Bildirildi ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Az-az hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını məhz bu cür yaşadı.
Sonra Nizami Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin üzvləri Aynur Atakişiyeva, İbrahim Əhmədov, Lamiyə Həsənova, Gülnar Əsədullayeva və başqaları gənc aktyorlar dərnəyinin rəhbəri Xanım İsmayılovanın rəhbərliyi ilə “Şəhidlər ölmür” adlı ədəbi-bədii kompozisiya təqdim etdilər.
Savalan Fərəcov