Brüsseldə sərgi və anım mərasimi
Azərbaycan-Belçika Dostluq Cəmiyyəti və Belçikada yaşayan azərbaycanlı rəssam Əli Seyran İmanzadənin birgə təşkilatçılığı ilə Brüsseldə “Qara Yanvar avropalı rəssamların gözü ilə” adlı sərgi və anım mərasimi təşkil edilib.
Mərasimdə qanlı hadisələrin görüntülərini əks etdirən videomaterial, eyni zamanda, belçikalı rəssamlar Stefan de Blok, Maaike Beuten, Kito Sino, Boris Metçinski və azərbaycanlı Əli Seyran İmanzadənin faciəyə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi 20 Yanvar şəhidlərinin ölkəmizin müstəqilliyi uğrunda canlarından keçdiklərini vurğulayıb, bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu qeyd edib.
Səfir Fuad İsgəndərov və Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim mərasimdə çıxış edərək 1990-cı il yanvarın 20-nə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat veriblər.
Belçikadakı türk icmasının nümayəndəsi, Gent Türk Ocağının sabiq rəhbəri Rəcəb Tüncər Sarı çıxış edərək 20 Yanvar faciəsinin bütün türk dünyasının anım günü olduğunu bildirib və bu ölkədəki türk icması adından Azərbaycan xalqına başsağlığı verib.
Mərasim Brüssel Kral Konservatoriyasının musiqiçiləri, skripkaçı Daniel Bartos və pianoçu Guilio Cilonanın ifasında səslənən həzin Azərbaycan musiqisinin sədaları altında davam edib.