Fevralın 13-də Bakı Slavyan Universitetində Prezident yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Azərbaycan, Türkiyə və Rusiyanın orta təhsil müəssisələri arasında sazişin imzalanma mərasimi olub.
Sazişi Rahilə Abbasova (Bakı şəhəri, 189 nömrəli məktəb), Aleksandr Drozdov (Moskva şəhəri, ingilis dilli təmayüllü 1273 nömrəli məktəb), Yonca Acun (Ankara şəhəri, Heydər Əliyev adına ibtidai məktəb), Kamran Əliyev (BSU-nun nəzdində Məktəb-Lisey Kompleksi) imzalayıblar.
Layihənin ideya müəllifi, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri Kamal Abdullayev çıxış edərək 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunmasının əslində dünyaya tolerantlıq mesajı olduğunu deyib, bu istiqamətdə görülən işlərdən söz açıb.
Mərasimdə iştirak edən Rusiya və Türkiyə məktəblərinin direktor və şagirdləri də çıxışlarında ölkəmizdə olmaqdan, eyni zamanda bu layihənin iştirakçısına çevrilməkdən məmnunluq duyduqlarını qeyd ediblər.
Rəsmi hissədən sonra konsert proqramı təqdim olunub. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistləri Sədəf Budaqova (V Muğam Televiziya Müsabiqəsinin qalibi) Ə.Tağıyevin “Azərbaycan”, Ayxan Xəlili isə İ.Topçubaşovun “Dağlarda duman gözəldir” mahnılarını oxuyublar. Filarmoniyanın rəqs ansamblı “Sevincim”, “Dilşadı”, Moskvadan gələn şagirdlər isə “Rus” və başqa rəqsləri təqdim ediblər. “Türk rəqsi” də iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi hazırda ölkəmizin 41 məktəbini əhatə edir. Üç ölkənin tədris müəssisələrinin də bu prosesə qoşulması layihəyə beynəlxalq status qazandırıb.