Avropa İttifaqı ilə birgə yeni Tvinninq layihəsinə start verildi

Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqı ilə yeni Tvinninq layihəsinin icrasına başlayır. Martın 15-də “Holiday İnn Baku” hotelində 2016-2018-ci illərdə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı layihənin rəsmi açılış mərasimi keçirildi. Layihənin məqsədi Azərbaycanın mədəniyyət sektorunda hüquqi baza və idarəetmə sisteminin müasirləşdirilməsinə töhfə verməkdir.

Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək yeni layihə barədə məlumat verdi. Bildirdi ki, Aİ tərəfindən maliyyələşdiriləcək layihənin büdcəsi 1,2 milyon avro təşkil edəcək. İki il müddətində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə iki əsas istiqamətdə işləyəcək. Birinci istiqamət Azərbaycanda mədəniyyət sahəsi üzrə qanunvericilik, struktur və idarəçilik amillərinin nəzərə alınması ilə, ümumi sistemin inkişaf etdirilməsi, ikinci istiqamət isə milli mədəni irsin (o cümlədən maddi və qeyri-maddi irs, muzey və kitabxanalar) idarə olunma sistemi üçün yeni effektiv modelin hazırlanması, mədəni irsin mühafizəsi, qorunması və təbliği üçün aktual tənzimləyici iş planının təqdim edilməsidir.
Qeyd olundu ki, layihə ikitərəfli Tvinninq aləti formasındadır. Məqsəd ən yaxşı təcrübələri ötürmək, qanunvericilik sahəsində Avropa standartlarını və Azərbaycana məxsus incəlikləri nəzərə alaraq, təkmilləşdirilmə planını yaratmaq üçün Aİ-nin üzv dövlətlərinin və Azərbaycanın qurumlarını bir araya gətirməkdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan iqtisadiyyatının genişləndirilməsi prosesində turizm sektorunun göstəricilərini təkmilləşdirmək məqsədi daşıyan birinci Tvinninq layihəsi 2013-cü ilin fevralından icra olunub: “Layihə benefisiar qismində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa İttifaqına üzv dövlətlərin qurumları - Avstriya Federal Satınalmalar Agentliyi və Litvanın Dövlət Turizm Departamenti tərəfindən həyata keçirilib. Layihənin icrası Azərbaycanda dövlət tərəfindən turizmin idarə edilməsi sisteminə bir sıra dəyişikliklər gətirib. Bu sırada nazirliyin Turizm şöbəsinin təşkilati strukturu və imkanlarının optimallaşdırılması, lisenziyalaşdırmaya dair hazırkı tənzimləyici çərçivənin təhlili və minimal lisenziyalaşdırma tələbləri üzrə tövsiyələrin verilməsi, turizm sahəsində kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün turizm fondunun yaradılmasına dair təkliflər kimi məqamları qeyd etmək olar”.
Əbülfəs Qarayev ümidvar olduğunu bildirdi ki, yeni layihənin uğurla həyata keçirilməsi mədəniyyət sahəsinin idarə edilməsində və mədəni irsin qorunmasında Azərbaycanın dünyanın ən qabaqcıl təcrübəsinə yiyələnməsinə kömək edəcək: "Layihə mədəniyyət sahəsinin idarə olunmasında Avropa İttifaqının, xüsusilə də İtaliyanın təcrübəsindən yararlanmağa imkan verəcək. Son illər bu sahədə ölkə rəhbərliyi tərəfindən mühüm işlər görülür, islahatlar aparılır. Bundan sonra da həm mədəniyyət, həm də turizm sahəsində idarəçiliyin təkmilləşdirilməsi üçün həyata keçirdiyimiz islahatlar, bu yöndə beynəlxalq əməkdaşlıq davam etdiriləcək".
Nazir İtaliya ilə Azərbaycan arasında sıx mədəni əlaqələrdən də danışdı, Nizami Gəncəvinin heykəlinin Romada ucaldılmasını bunun bariz nümunəsi olduğunu bildirdi.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard layihə çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd etdi: "Bu əməkdaşlıq kontekstində təkcə İtaliyanın təcrübəsi deyil, həmçinin Aİ-yə üzv olan 28 ölkənin təcrübəsini tətbiq edəcəyik. Ölkənizin zəngin mədəniyyəti, tarixi abidələri, dəyərli muzeyləri var. Bu mədəni irsin qorunması, həmçinin turizmin inkişafına müsbət təsir etməsi üçün öz dəstəyimizi əsirgəməyəcəyik”.
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo iki ölkə arasında bir çox sahələrdə yaxşı əlaqələrin olduğunu vurğuladı: “İtaliya ilə Azərbaycanı qədim tarix birləşdirir. Roma imperiyası dövründə Azərbaycanda mövcud olan Albaniya dövləti ilə müəyyən əlaqələr olub. Orta əsrlər dövründə italiyalı səyyahlar Azərbaycana səfərlər ediblər”.
Azərbaycanın tarixi abidələrinin, qeyri-maddi mədəni irs nümunələrinin UNESCO siyahılarında yer aldığını deyən diplomat zəngin mədəniyyəti olan ölkəmizlə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə etdi.
Sonra nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Ramil Abbəkirov Tvinninq layihəsinin fəaliyyət istiqamətləri haqqında təqdimatla çıxış etdi.
Layihənin yerli müşaviri Alessandro Bianki iş planı haqqında məlumat verdi. Üzv dövlətin layihə rəhbəri Adel Cesi İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin mədəni irs sahəsində fəaliyyətindən danışdı.
Qeyd edək ki, layihə Avropa Komissiyası ilə razılaşdırılıb və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2016-cı ilin fevralından başlayan layihə 2018-ci ilin fevralınadək davam edərək mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönələcək.

Fariz