Martın 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Bakı Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşdü.
Qonağı paytaxtımızda növbəti dəfə salamlamaqdan məmnun olduğunu bildirən nazir İSESCO ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı. İSESCO-nun həm Heydər Əliyev Fondu, həm də nazirliklə faydalı əməkdaşlığının olduğunu deyən Əbülfəs Qarayev bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi.
Səmimi qəbula görə minnətdarlıq edən Əbdüləziz bin Osman əl-Tüveycri ölkəmizə növbəti səfərindən razılığını bildirdi. Ötən ilin noyabrında İSESCO Baş Konfransının 12-ci sessiyasının Bakıda yüksək səviyyədə keçirildiyini və Azərbaycanın növbəti üç il müddətinə sədr seçildiyini qeyd edən baş direktor ölkəmizin islam dünyasında humanitar əməkdaşlığın inkişafına böyük töhfələr verdiyini dedi.
Ölkəmizdə keçirilən beynəlxalq forumları əlamətdar hadisə kimi qiymətləndirən qonaq, Azərbaycanın bölgədə və dünyada sülh və təhlükəsizliyin təmin olunmasında müsbət rolunu qeyd etdi. İSESCO baş direktoru ölkələr arasında mədəni əlaqələrin inkişafı istiqamətində Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olduğunu vurğuladı.
İSESCO baş direktoru bu ilin aprel ayında Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna qatılacağını və tədbir çərçivəsində keçiriləcək “Bakı Prosesi” sessiyasında məmnuniyyətlə çıxış edəcəyini bildirdi.
Görüşün sonunda Prezident İlham Əliyev tərəfindən 26 yanvar 2016-cı il tarixdə İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yaradılması haqqında sərəncam imzalandığını diqqətə çatdıran nazir bunu ölkə rəhbərliyinin təşkilata yüksək münasibətinin ifadəsi olduğunu dedi. Xatırladaq ki, sərəncama əsasən İSESCO üzrə Milli Komissiyanın sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təyin olunub.
Əbülfəs Qarayev nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadənin komissiyanın baş katibi təyin edilməsi barədə məktubu baş direktora təqdim etdi.
Sadiq Musa