Martın 11-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində Qusar rayonunun 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı” elan olunmasına həsr olunmuş təqdimat mərasimi keçirildi.
Mərasimdə əvvəlcə nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək “Xalq Yaradıcılığı Paytaxtları” proqramı haqqında geniş məlumat verdi. Bildirdi ki, proqram ölkəmizdə qeyri-maddi mədəni irsinin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə həyata keçirilir. 2010-cu ildən icra olunan proqram nəticəsində qeyri-maddi mədəni irsin inkişafı vüsət alıb və regionların sosial-mədəni həyatında müsbət dəyişikliklər baş verib.
Diqqətə çatdırıldı ki, proqrama əsasən 2010-2014-cü illərdə ümumilikdə 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilib, 2015-ci ildə isə Şamaxı “Ədəbiyyat Paytaxtı” və Qax rayonu “Milli Mətbəx Paytaxtı” elan olunub. “Paytaxt” seçilmiş şəhərlərdə folklor kollektivləri, el sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə edib, xalq yaradıcılığının, milli adət-ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülüb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın son illər mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar və Bakı Qlobal forumlarına layiqincə ev sahibliyi etdiyini diqqətə çatdırdı. Qeyd olundu ki, paytaxtımızda aprelin 25-dən 27-dək keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna da yüksək səviyyədə hazırlıq işləri görülür.
Bu tədbirlərin dünyada sülh, anlaşma və təhlükəsizliyə ölkəmizin mühüm töhfəsi olduğunu vurğulayan nazir onu da xatırlatdı ki, Bakı şəhəri 2009-cu ildə “İslam mədəniyyəti paytaxtı” elan edilib: “Bu bizim üçün böyük mədəniyyət hadisəsinə çevrilərək, təntənəli tədbirlərin keçirilməsi ilə yadda qaldı. Ölkəmizin qədim şəhərlərindən olan Naxçıvan da 2018-ci il üçün “İslam mədəniyyəti paytaxtı” elan olunub. Bu çərçivədə də geniş tədbirlər keçiriləcək”.
Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı barədə danışan Əbülfəs Qarayev dedi ki, ölkəmizin mədəni zənginliyini daha da dərindən təbliğ etmək üçün bu proqramın böyük əhəmiyyəti var: “Ötən 6 ildə 17 şəhər və rayon “paytaxt” elan olunmuşdur. Proqram çərçivəsində azsaylı xalqların nümayəndələri də geniş şəkildə iştirak etmiş, ölkəmizdə olan multikulturalizm və tolerantlıq modeli bir daha dünyaya tanıdılmışdır. Ümidvaram ki, “Azərbaycanın Folklor Paytaxtı” elan olunan Qusar rayonunda da bu il maraqlı, rəngarəng tədbirlərlə yadda qalacaq”.
Mərasimdə iştirak edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyət sahəsində Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi, ötən ilin noyabrında qurumun İcraiyyə Şurası və Baş Konfransının toplantılarına ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayırlar, Bakıda sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlər keçirilir.
Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev bölgənin zəngin mədəni irsinin, folklor ənənələrinin olduğunu dedi. Qeyd etdi ki, rayonun “Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi ölkəmizdə milli-mənəvi dəyərlərə verilən yüksək qiymətin bariz nümunəsidir və proqram çərçivəsində həyata keçiriləcək tədbirlər mədəni irsin təbliğinə mühüm töhfə olacaq.
Çıxışlardan sonra “Azərbaycanın Folklor Paytaxtı - 2016” xatirə kubokunun təqdimatı oldu. Kubok Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayevə və rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilova təqdim edildi.
Fariz Hüseynov