Novruz festivalı Gəncə, Tovuz, Şəki, Bakı və Naxçıvanda reallaşıb
Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakıdakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Novruz festivalı keçirilib.
“Türkiyə azərbaycanlı qardaşlarının Novruz bayramını təbrik edir” şüarı altında Gəncə, Tovuz və Şəkidə gerçəkləşən festival daha sonra Bakı və Naxçıvanda reallaşıb.
Martın 21-də Heydər Əliyev Sarayında türk xalq rəqsləri və əl sənətinin təqdimatı keçirildi. Qonaqlar öncə sarayın foyesində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi əl sənəti - xəttatlıq, təzhib və ebru sənəti nümunələrindən ibarət sərgi ilə tanış oldular.
Konsertin açılışında Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri, xanım Meral Barlas, TİKA-nın Bakı ofisinin əlaqələndiricisi Mustafa Haşim Polat və Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım çıxış edərək bütün iştirakçıları Novruz bayramı münasibətilə təbrik etdilər.
Bildirildi ki, festivalda Türkiyənin 7 bölgəsi təmsil olunur. Məqsəd iki qardaş xalq arasında mövcud olan mədəni sahədəki əlaqələri daha da inkişaf etdirməkdir.
Tədbirdə TİKA-nın Bakı ofisinin təşkil etdiyi sənət kurslarını bitirən azərbaycanlı dinləyicilərə sertifikatlar təqdim olundu.
Sonra Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin “Tubil” xalq rəqsləri ansamblı konsert proqramı ilə çıxış etdi. Türk xalq rəqsləri ilə yanaşı, Azərbaycan milli rəqslərini də məharətlə ifa edən kollektivin çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Lalə Azəri