Mədəniyyət və turizm nazirinin vətəndaşlarla növbəti görüşü Salyan şəhərində keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda vətəndaşların qəbulunu keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əhali ilə növbəti görüşü martın 30-da Salyan şəhərində gerçəkləşdi. Heydər Əliyev Mərkəzində keçirilən qəbula Salyan, Biləsuvar, Hacıqabul, Neftçala, Cəbrayıl rayonları və Şirvan şəhərindən vətəndaşlar gəlmişdi.

Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi, sonra mərkəzin ekspozisiyası ilə tanış oldu.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı idi.
Salyan rayonundan qəbula yazılan vətəndaşlar aşıq Pənah Pənahovun 90 illik yubileyinin keçirilməsi, Əli bəy Hüseynzadə adına Tarix-Diyarşünaslıq Muzeyində kənd təsərrüfatı üzrə ekspozisiyanın yaradılması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə elmi ədəbiyyatın verilməsi, eləcə də mədəniyyət müəssisələrinin turizm şirkətləri ilə fəaliyyətinin əlaqələndirilməsinə, "Multikulturalizm ili"ndə azsaylı xalqların yaşadığı bölgələrlə mədəni əlaqələrinin genişləndirilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Şirvan şəhərindən gələn vətəndaşlar uşaq musiqi məktəbinin yeni musiqi alətləri ilə təmin olunması, Heydər Əliyev Mərkəzinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı müraciətlərini diqqətə çatdırdılar.
Biləsuvar sakinlərinin müraciətləri rayonda yerləşən "Şəhriyar qalası"nda arxeoloji qazıntı işlərinin aparılması, rayon Mərkəzi kitabxanasının aqrar sahəyə aid ədəbiyyatla, musiqi məktəblərinin dərsliklərə daxil edilən musiqi nümunələrinin diskləri ilə təmin edilməsi barədə idi.
Daha bir müraciətdə Biləsuvar rayonu ərazisindəki şəhərcikdə yerləşən Cəbrayıl rayon Mədəniyyət evinə milli rəqs geyimlərinin verilməsi xahiş olunurdu.
Hacıqabul rayonunda uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə ustad dərslərinin keçirilməsi, yeni yaradılmış Mədəniyyət Mərkəzinin işinin gücləndirilməsi üçün qabaqcıl mədəniyyət müəssisələri ilə təcrübə mübadiləsinin aparılması, qonşu Şirvan şəhərindəki Humanitar Kollecdə mədəniyyət sahəsinə uyğun ixtisasların açılmasına dəstək verilməsi barədə müraciətlər də səsləndi.
Neftçala rayonu sakinləri qeyri-maddi mədəni irsin təbliği ilə bağlı dərnəklərin proqramlarının hazırlanması, Neftçalada tanınmış rəssamların əsərlərindən ibarət sərgilərin təşkil olunması və Dövlət Rəsm Qalereyası fondunun zənginləşdirilməsi, kitaba marağın artırılmasında ən yaxşı təcrübələrin broşür şəklində çap edilərək rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə verilməsi barədə təkliflərini diqqətə çatdırdılar.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verdi.
Nazir jurnalistlərə müsahibəsində bildirdi ki, yerlərdə hər ay təşkil olunan belə görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin yerindəcə həlli baxımdan çox vacibdir. Görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər irəli sürülür.
Budəfəki qəbulda da aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, incəsənət məktəblərinin tədris vəsaitləri ilə təmin olunması, regionların turizm imkanlarının təbliğinə dair təkliflərin bu qəbildən olduğunu dedi.
Vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirən Əbülfəs Qarayev əlavə etdi ki, bu görüşlər yerlərdə mədəniyyət müəssisələrinin işinin daha da yaxşılaşdırılmasına öz müsbət təsirini göstərir.

Fariz